AZ

Starmer Epşteyn qalmaqalı fonunda istefa çağırışlarını rədd edib

BAKI, 10 fevral. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer amerikalı diplomat Piter Mandelsonun təyinatı ilə bağlı Epşteyn qalmaqalının yaratdığı siyasi böhrana baxmayaraq istefa çağırışlarını rədd edib və vəzifədə qalmaq niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Starmerin ABŞ-yə səfir vəzifəsinə Piter Mandelsonu təyin etməsi, sonuncunun mərhum amerikalı cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələrinin yenidən gündəmə gəlməsi ilə hökuməti böhrana sürükləyib. Şotlandiya Leyborist Partiyasının lideri Anas Sarvar da daxil olmaqla bir sıra siyasətçilər Starmeri istefaya çağırıblar. Eyni zamanda, son iki gün ərzində baş nazirin iki yüksəkvəzifəli köməkçisi vəzifəsini tərk edib. Onlardan biri kommunikasiya direktoru Tim Allan Starmerin ən yaxın müşaviri Morqan Maksvinin gedişindən sonra istefa verib. Maksvini Mandelsonun təyinatı ilə bağlı məsləhətə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Buna baxmayaraq, Starmer Leyborist Partiyasının deputatları ilə görüşdə mübarizəni davam etdirəcəyini deyib və mandatından imtina etməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, əsas hədəf Naycel Farajın rəhbərlik etdiyi populist “Reform” Partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaqdır. Dauninq-stritin nümayəndəsi də bildirib ki, Starmer Britaniya xalqından beşillik aydın mandat alıb və dəyişiklikləri həyata keçirməyə davam edəcək.

“Reuters” yazır ki, Sarvarın çağırışı parlamentdə gərgin əhval-ruhiyyəni daha da gücləndirib. Bu fonda dövlət borclanma xərcləri artıb, investorlar isə mümkün rəhbərlik dəyişikliyindən narahatlıq ifadə ediblər. Lakin sonradan potensial varislərin Starmeri dəstəkləməsi ilə bazarlardakı təzyiq bir qədər azalıb.

Starmerin fəaliyyətinə dair tənqidlər də səngiməyib. Hökumətdə iki ilə yaxın müddətdə baş verən səhvlər və siyasətdə geri dönüşlər onun idarəçilik qabiliyyətini sual altına alıb. Müxalif Mühafizəkarlar Partiyasının lideri Kemi Badenox Starmeri hökuməti idarə edə bilməməkdə ittiham edib və əgər bacarmırsa, ya partiya daxilində dəyişiklik, ya da seçki keçirilməli olduğunu deyib.

Mandelsonla bağlı yeni qalmaqal ABŞ Ədliyyə Nazirliyinin ötən ay yaydığı sənədlərdən sonra alovlanıb. Həmin sənədlərdə maliyyə böhranı dövründə Böyük Britaniyada mümkün aktiv satışları və vergi dəyişiklikləri ilə bağlı müzakirələrin Epşteynə ötürüldüyünü göstərən məktublar yer alıb. Mandelson bu ittihamlarla bağlı açıq şərh verməyib və hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə polis tərəfindən araşdırılır. Starmer isə öz növbəsində Mandelsonu Epşteynlə əlaqələri barədə “aldadıcı bəyanatlar” verməkdə ittiham edib və onun təyinat prosesi ilə bağlı sənədləri açıqlayacağını bildirib.

Seçilən
29
teleqraf.com

1Mənbələr