AZ

Xərçəngə tutulmaq istəmirsinizsə, bu qidaları yeməyin - Həkim

Əgər xərçəng xəstəsi olmaq istəmirsinizsə, bir çox vərdişlərdən və qidalardan imtina etməlisiniz.

Turkustan.az xəbər verir ki, bu barədə həkim-nevroloq Xaqani Muradov bildirib.

Onun sözlərinə görə, broyler və digər GMO məhsul almaq olmaz, market yağ və süd məhsulları, rəngli içkilər, şirniyyatdan, ağ çörək, spred, fəst-fud (naməlum ətdən burgerlər, fri kartof, naggets), açıqda satılan (vakuum paketsiz) hazır ləpədən uzaq durmaq lazımdır:

“Hələ 18-ci əsrdə alman həkimi Hanneman bütün xəstəliklərin səbəbini qidada görürdü. O vaxtın qidaları hələ ekoloji ekstrasaf idi!

Telefonları gecə yatanda uçuş rejiminə qoyun (sonra vay-faya qoşun, istədiyiniz qədər istifadə edin), çünki elektromaqnit dalğalar xüsusən epifiz və qalxanvari vəzi çökdürür, nəticədə hormonal və immun çatışmazlıq inkişaf edir!

Saç boyalarından, keratin, bol kosmetika, parabenli şampun, duş geli və krem, alüminium tərkibli antiperspirantlardan qaçın, tərkibləri olduqca təhlükəlidir!

Tütün çəkmək istəyən günə maksimum 5 siqar tütün doldurub çəksin, içki içmək istəyən ancaq az miqdar ancaq şərab içsin.

Feyri, ya da Sumqayıt istehsalı yuyucu vasitələr işlətməyin, paltarları maşında yuduqda 3 dəfə yaxalayın!

Hər gün olmasa da, günaşırı 20-30 dəqiqə fiziki hərəkətlər edin! Sintetik geyimlərlə sintetik yataqda yatmayın! Yun geyimlər və yorğan-döşək istifadə edin!

Özünüzü “konslager”ə salmayın, yəni həftədə 2 dəfə şirinçay içə bilərsiniz. Əks halda depressiya qaçılmazdir! Yayda da rayon yollarında, yaxud dəniz sahilində özünüzə bayram düzəldin, isti təndir çörəyi yeyin, qarpız, pendir, kabab, süzmə, qutab, kətə – yeyin; orqanizm o qədər aciz yaradılmayıb ki, özünü 5-6 günə təmizləyib bərpa edə bilməsin!

Bakının dəlici soyuq küləyi və yayda istisi imkan versə, hər gün 3-5 km yürüş edin. Özünüzu soyuqdan qoruyun! Papaq, əlcək və şarf geyim aksessuarı deyil, bunlara qoruyucu vasitə kimi baxacaqsınız! Yağışda islanmaqdan çəkinin, küləkli yağış ziyandır, soyuqlamış, yağışa düşmüş sağlam insanlarda sürətli onkologiyaya çox rast gəlmişəm! Ayaqları qışda topuq qarışıq qoruyun!

Orqanizm üçün optimal temperatur 25-26 dərəcədir. Yayda kondisioneri bu temperatura qoyun! Əgər istiyə dözmürsünüzsə, pambıq və ya təbii liflərə yaxın paltarları geyinin, sərin, bol maye için!

Parazit (qurdlar və ibtidailər) təmizləməsi edin!

Ayda 1 dəfə saunaya gedin!

Bol təbii qatıq yeyin, yayda ayran için, çünki güclü immunitet və uzunömürlülüyün sirri bağırsaq mikroflorasında gizlənib (Meçnikov)! Mikroflora üçün qışda ağ kələm turşusu da yaxşıdır.

Balıq məhsullarını (sürətli axar çay, dəniz və dondurulmuş okean balıqları istisna) 72 saat buzxanada dondurmamış yeməyin! Damba, göl və durğun sularda olan balıqlarda yastı qurdlar olur, orqanizmə düşsə, onkologiyaya yol aça bilər. Keyfiyyətinə güvəndiyimiz ət dönəri, lahmacun, kolbasa və sosiska ayda 1 dəfə yemək olar.

Mayonez, saçaqlı pendir, dondurmalar və ketçuplara yox deyin!

Yuxu rejimini (saat 2-dən tez və minimum 5.5 saat, tam qaranlıq otaqda!), istirahəti (aktiv – futbol, xaykinq, stolüstü tennis, passiv – divan, dostlarla, doğmalarla toplantı və s.) unutmayın, məzuniyyət puluna görə məzuniyyəti işə qurban verməyin, gözünüz dağ-meşə-çay görsün, təbiət müalicə edir!

Paxıl olmayın, mənəvi xüsusiyyətlərinizi gücləndirin, ismət-ar gözləyin, təsadüfi cinsi ilişkilərdən qaçın!

Kifayət qədər əxlaqsız, namussuzluğun nəticəsi olan (karma) onkoxəstəyə rast gəlmişəm!

Böyük kreditlər götürməyin, çünki stress yükləyir və əyri yollarla borcu qaytarmaqla məşğul olacaqsınız!

Rüşvət almayın, oğurluq etməyin, haqqa girməyin. Haqlı bəddua və lənət insanı məhv edir! Sənə heç nə olmasa da, daha həssas yerindən (övladından) görəcəksən! Böyüklərə – valideynlərə, qohum-qonşuya hörmət və yaxşılıq edin!

Çox fikir eləməyin, çünki, bu dünyadan heç kim sağ çıxmayacaq, məqsədimiz sağlam qocalıq olmalıdır!

Düşmənçilik, kin, ədavət məhv edir, içinizdə saxlamayın!

İmmuniteti gücləndirən baldan əsaslı məcunlar hazırlayın, bol soğan-sarımsaq, təmiz su tapın, xüsusilə səhər acqarına sirkəli su için.

Daxili mühiti qələviləşdirən (PH yüksəldən) bir şeylər edin (sokoterapiya, sodalı su, fiziki aktivlik, bol təbii bulaq suyu). Piti, sürhüllü, Qazaxın xəngəli, cənub çölməsi Bakıda yeyilməz. O bölgələrin suyunun PH-yüksəkdir deyə, kompensə edir balansı. Orda yeyə bilərsiniz.

Mətbəxdən mikrovolnovka, teflon tavalar, plastik hər şeyi çıxardın.

Hərdən aclıq edin (oruc da olar), ayda minimum 8 dəfə 16 saatlıq interval aclıq edin!

Meditasiya edin: dua, rituallar və xüsusən şükr edib Kainatın Sahibinə!

Kif göbələkləri olan evdə yaşamaq artıq N1 təhlükəlidir, xüsusi kley-boya ilə üzərini rəngləyin!

Xroniki infeksiyaları, kistaları, xüsusilə ağız boşluğunda, dişlərdə olanları müalicə edin, çünki immun sistemini alt-üst edir!

Həftədə 2-3 dəfə zəhmət çəkin tez oyanın, gün işığı görün saat 8-11 arası. Günəş bulud arxasında belə olsa dəri D vitaminini sintez edə bilir!

Xolesterinin miqdarını azaldan kimyəvi dərman içməyin./Bakupost.az/

Seçilən
14
2
turkustan.az

3Mənbələr