AZ

Əkbər Qoşalı: Birgə layihələr ortaq gələcək baxışın formalaşmasına xidmət edir

Bakı, 9 fevral, Günel Alıyeva, foto Orxan Kərimov, AZƏRTAC

Bu kimi layihələr və platformalar Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaradır. Bu platformalar təkcə ədəbi-mədəni münasibətlərin deyil, ümumilikdə müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafına da xidmət edir. Əməkdaşlıq çərçivəsində TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatının Katibliyi və digər Türk qurumlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq “Alaş” ədəbiyyat ödülü laureatı, publisist, şair Əkbər Qoşalı bildirib.

“Prioritet sahələr sırasında ilk növbədə ortaq mədəni irsin qorunması, bu sahədə elmi-tədqiqat işlərinin aparılması və mədəni irsə münasibətdə vahid mövqenin formalaşdırılması dayanmalıdır. Bəzən qardaş xalqlar olmağımıza baxmayaraq, ayrı-ayrı tarixi abidələrə və ya görkəmli şəxsiyyətlərə münasibətdə daha dəqiq, elmi əsaslı mətnlərə, araşdırmalara, filmlərə və tədqiqat nəticələrinə ehtiyac yaranır”, – deyə o, vurğulayıb.

Əkbər Qoşalının sözlərinə görə, ortaq tarixi yaddaşın və mədəni irsin düzgün təqdimatı həm elmi yanaşma, həm də birgə proqramlar əsasında mümkündür. Bununla yanaşı, tarixin müəyyən dövrlərində diferensiasiya və ayrılma mərhələləri yaşanıb, dilimizdə, adət-ənənələrimizdə, habelə coğrafi və ictimai-siyasi amillərin təsiri ilə müəyyən fərqliliklər formalaşıb. Bu məsələlərə münasibətdə ortaq mövqenin olması yalnız elmi tədqiqatlar və birgə proqramlar vasitəsilə mümkündür.

Həmsöhbətimiz ikinci vacib istiqamətin gələcəyə yönəlik birgə fəaliyyətlər olduğunu da diqqətə çatdırıb: “Xüsusilə UNESCO və digər beynəlxalq platformalarda qərarların qəbulunda əməkdaşlığın daha da sıxlaşdırılması önəm daşıyır. Bununla yanaşı, Azərbaycan və Özbəkistanın qarşılıqlı şəkildə bir-birinin mədəniyyətini tanıtması üçün imkanların genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Mədəniyyət günlərinin, həftəliklərin keçirilməsi, sərgilərin təşkili, mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinin genişləndirilməsi qarşılıqlı fayda verə bilər”, – deyə Ə.Qoşalı əlavə edib.

Seçilən
66
1
azertag.az

2Mənbələr