ABŞ hərbçiləri Hind okeanında Aquila II adlı tankeri ələ keçiriblər. Pentaqonun açıqlamasına görə, Panama bayrağı altında üzən gəmi sanksiya rejimini pozub, Venesuela mənşəli neft daşıyaraq Çinə doğru hərəkət edib. Xüsusi təyinatlıların tankerdə həyata keçirdiyi əməliyyat insidentsiz başa çatıb.
KONKRET.az xəbər verir ki, Aquila II tankeri ilə əlaqəli olan SUNNE CO LIMITED şirkəti daha əvvəl Rusiyanın enerji sektorunda fəaliyyət göstərib və sanksiya siyahısına salınıb. Rəsmi Vaşinqtonun bildirdiyinə görə, gəminin saxlanılması məhz bu əlaqələr və sanksiyaların pozulması şübhələri ilə bağlıdır.
Bununla yanaşı, proseslər regional enerji bazarında da dəyişikliklərə səbəb olub. Məlumata görə, Hindistanın neft emalı şirkətləri ABŞ ilə mümkün ticarət sazişi perspektivini nəzərə alaraq Rusiyadan neft alışından imtina etməyə başlayıblar. Bu addım ABŞ prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını ləğv etməsindən sonra atılıb. Sözügedən rüsumlar əvvəllər Hindistanın Rusiya nefti alması səbəbilə tətbiq edilmişdi.
Müşahidəçilər hesab edirlər ki, Aquila II tankerinin ələ keçirilməsi Vaşinqtonun sanksiya siyasətini sərtləşdirdiyini və enerji daşımaları üzərində nəzarəti gücləndirdiyini göstərir. Bu isə Venesuela, Çin və Hindistan daxil olmaqla bir sıra ölkələr üçün yeni geosiyasi və iqtisadi risklər yaradır.
Natiq Səlim,
KONKRET.az