AZ

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.az xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: “Sabahınız xeyir, xoş gəlmisiniz. Sizi görmək çox xoşdur. Şadam ki, böyük nümayəndə heyəti ilə səfərə gəlmisiniz. Bir neçə ay bundan öncəki görüşümüzü xatırlayıram və məmnunam ki, siz dəvətimizi qəbul edərək ölkələrimiz arasında münasibətlərin çox fəal inkişaf etdiyi vacib bir vaxtda Azərbaycana səfərə gəlmisiniz.

Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib.

Bilirəm ki, müxtəlif dövlət rəsmiləri ilə sizin çoxsaylı görüşləriniz nəzərdə tutulub. Əminəm ki, onlar sizin bütün suallarınızı cavablandıracaqlar. Düşünürəm ki, bu səfərin nəticəsində biz müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq. Onu da bilirəm ki, siz ABŞ iqtisadiyyatının müxtəlif seqmentlərini təmsil edirsiniz və bu, çox faydalı olacaq, çünki bu günə qədər iqtisadi əlaqələrimiz bizim görmək istədiyimiz səviyyədə deyil.

Bir daha xoş gəlmisiniz, sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram. Bilirəm ki, mütləq əksəriyyətiniz üçün bu, ilk səfərdir və bu, Azərbaycan haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz”.

Kuş Çoksi: Zati-aliləri, təşəkkür edirəm. Burada olmaq çox xoşdur. Biz BMT Baş Assambleyası çərçivəsində Sizinlə görüşdük və Siz bizi Azərbaycana dəvət etdiniz, böyük nümayəndə heyətinin gəlişini arzuladınız. ABŞ-dakı səfiriniz Xəzər İbrahim, İqtisadiyyat Nazirliyi, “AZPROMO” və ABŞ-ın burada fəaliyyət göstərən səfirliyindəki həmkarlarımızın dəstəyi ilə 31 şirkətin nümayəndəsi Azərbaycana gəlib. Bu səhər burada onlardan bəziləri iştirak edir, lakin nümayəndə heyətinin özü daha genişdir – 31 şirkətdən 60 nəfər nümayəndə. Yəni bu masada da böyük heyət var. Biz həqiqətən də burada olmağımızdan məmnunuq. Adətən biznes əlaqələri siyasi əlaqələrdən daha sürətli inkişaf edir. Ancaq burada bir az qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq, şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq. Bu, Sizin rəhbərliyiniz və hökumətinizin fəaliyyətinin nəticəsidir ki, burada iştirak edən nümayəndələr müxtəlif sahələri təmsil edirlər.

Prezident İlham Əliyev: Bəli, bunu görürəm.

Kuş Çoksi: Burada yalnız enerji deyil, texnologiya, qida məhsulları və nəqliyyat sahələri təmsil edilir. Bu fürsətə görə Zati-alinizə, sadəcə, təşəkkürümüzü bildirmək istəyirik.

x x x

Qonaqlar, ilk növbədə, qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Ölkəmizə səfər etməkdən məmnunluqlarını ifadə edən bir çox nüfuzlu şirkətin təmsilçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedilər. Onlar təmsil etdikləri şirkətlərin fəaliyyəti, həmçinin ölkəmizlə həyata keçirdikləri əməkdaşlıq barədə məlumat verdilər.

x x x

Kuş Çoksi: Zati-aliləri, çox sağ olun. Biz Sizi biznes icmasını təmsil edən daha da böyük nümayəndə heyəti ilə görüşmək üçün Vaşinqtona dəvət etmək istəyirik. Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və Sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bu gün burada bütün sektorlardan - əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələri yığışıb. O vaxtdan bəri biz Azərbaycana çox böyük marağın olduğunun şahidiyik. Sizin nazirlər həmişə gələ bilərlər. Qarşılıqlı əlaqə üçün nə qədər çox imkan olsa, Azərbaycanda Amerika şirkətləri üçün mövcud olan fürsətlərin onlar tərəfindən qavranılması bir o qədər də çox olacaq. Gələn dəfə Siz Nyu-Yorkda olanda, - Sizin necə məşğul olduğunuzu bilirəm, lakin biz əvvəlcədən planlaşdıracağıq, - səfəriniz çərçivəsində bizim üçün dəyirmi masanın təşkilində yardımçı olmağı xahiş edəcəyik. Bəlkə Nyu-Yorka bir gün əvvəl gələ bilərsiniz, - hətta bu, bazar günü də ola bilər, - Sizin fikirlərinizi, şirkətlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu dəvətə görə çox sağ olun. Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Mən bizi ziyarət edən şirkətlərin siyahısına nəzər saldım və sizin qeydlərinizi nəzərə alaraq deyə bilərəm ki, bu şirkətlərin bir çoxu ilə bizim uzun illər ərzində səmərəli əməkdaşlığımız mövcuddur. Şirkətlərin bəziləri yenidir və bu da tamamilə təbiidir. Çünki birincisi, müstəqilliyinin erkən illərindən Azərbaycan beynəlxalq tərəfdaşlığa çox açıq idi və bir çox beynəlxalq şirkətlərlə, o cümlədən ABŞ şirkətləri ilə yaxşı təmaslar qurmuşdur. Ona görə də bu şirkətlərin adlarının mənə çox tanış gəlməsi olduqca təbiidir.

Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Keçən ilin avqust ayında biz Prezident Trampla Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur və mənim Prezident Trampla sonuncu görüşüm keçən ay Davosda oldu, baxmayaraq ki, onun qrafiki çox sıx idi və o, çox qısa müddətlik orada idi. Onun Azərbaycan Prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir.

Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən, siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, süni intellekt, data mərkəzlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu, bizim üçün prioritet məsələlərdən biridir. Hesab edirəm ki, bizim çoxlu üstünlüklərimiz var.

Birincisi, coğrafi yerləşmə. İkincisi, çox asan olmayan dövrdə yaradılmış neft və qaz boru kəmərləri, dəmir yolları, elektrik kabel xətləri kimi mövcud kommunikasiya infrastrukturu. Sonra ən önəmli məsələlərdən biri bizim istifadə etmədiyimiz, istehlak etmədiyimiz və hələ ki, ixrac etmədiyimiz çoxlu elektrik enerjimiz var. Hələ ki, söhbət mövcud olan təqribən 2 giqavat elektrik enerjisinin istehsalından gedir. Azərbaycanın yerləşdiyi daha geniş regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik. Biz özümüzü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik və indicə qeyd etdiklərimin hamısını ixrac edirik. Beləliklə, bir çox ölkələr üçün çox faydalı olacaq artan ixracla yanaşı, bizim hədəfimiz məhz budur. Bu gün, yeri gəlmişkən, biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı, biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədilə buradakı enerji potensialımızdan istifadə etmək istəyirik. Qazıntı yanacağına gəldikdə, - hansı ki, müəyyən siyasi gündəmə görə uzun illər ərzində ayrı-seçkiliyə məruz qalmışdır, - biz şadıq ki, hər bir digər sahədə olduğu kimi, Prezident Trampın siyasəti realist ssenariyə söykənir, populizmdən çox uzaqdır və real vəziyyətə əsaslanır. Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır. Siz COP-u qeyd etdiniz, COP-a ev sahibliyi edən ölkənin rəhbəri olaraq mənim mesajlarımdan biri o idi ki, biz neft-qaza malik olduğumuza görə günahlandırılmamalıyıq.

Mən, həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir.

Söylədiyim kimi, 2 giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən - anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq. Qeyd etdiyim kimi, bütün bunlar artan iqtisadiyyat, inkişaf edən sənaye, xüsusilə bizim qlobal süni intellekt qovşaqlarından və məlumat mərkəzlərindən biri olmaq hədəfimiz şəraitində daxili istehlak üçün əlçatan olacaq. Üstəlik, bu, etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək. Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir.

Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.

Xüsusilə Azərbaycanla Mərkəzi Asiya, Azərbaycanla Avropa arasında bağlantılara artan marağı da nəzərə alsaq, kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən ölkələrdən biriyik və ya yeganə ölkəyik. Kəmər inşa etmək çətindir, məsrəflidir və bizim coğrafiyamızda dağlardan keçib, sonra lazım gələndə dənizin dibi ilə çəkmək həqiqətən də böyük çətinlikdir. Üstəlik, xüsusilə bir neçə ölkədən keçən, Xəzər dənizindən başlayıb İtaliyada bitən, uzunluğu 3500 kilometr olan kəmər inşa edilirsə, hər kəslə əlaqələriniz, yaxşı əlaqələriniz olmalıdır. Bu geniş regionda belə təcrübəyə ancaq biz malikik. İş onda deyil ki, mən Azərbaycan haqqında yaxşı sözlər deyirəm, bu reallıqdır.

Bir çox ölkələri birləşdirən layihələrdə diplomatiya, bacarıq, təcrübə və artıq nəticələr olmalıdır. Bizim vəziyyətimizdə biz bunların hamısına malikik. Mən əminəm ki, sizin missiyanızın nəticəsi tezliklə praktiki layihələrdə həyata keçəcək. Sözsüz ki, görüşəcəyiniz hökumət üzvləri bizim planlarımızın nədən ibarət olduğu, nələrin işlənmə mərhələsində olduğu barədə sizə daha ətraflı məlumat verəcəklər. Düşünürəm ki, bu cür missiyalar mütəmadi olaraq baş tutmalıdır. Yenidən Amerikaya səfər edəndə sizinlə görüşməyə hazıram. Həmçinin yenilənmiş məlumatları almaq və daha hansı işləri görə biləcəyimizə nəzər salmaq üçün sizdən buraya azı ildə bir dəfə gəlməyinizi xahiş edirəm.

x x x

Seçilən
30
17
aznews.az

10Mənbələr