AZ

FT: London polisi şahzadə Endryu ilə bağlı araşdırmaya start verib...

Araşdırma hələ ilkin mərhələdədir, sübutlar qiymətləndirilir...

London Metropoliten Polisi Ceffri Epşteynin işi çərçivəsində keçmiş şahzadə Endryu ilə bağlı əlaqələrin araşdırılmasına rəsmi şəkildə başlayıb.

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda söhbət yalnız ilkin araşdırma və Epşteyn dosyelərində yer alan materialların hüquqi baxımdan qiymətləndirilməsindən gedir. Keçmiş şahzadə Endryu barəsində cinayət işinin başlanmasından isə hələlik söhbət getmir. Polis mənbələri bildirir ki, araşdırmanın bu mərhələsi faktların toplanması və mövcud sübutların prosedurlara uyğunluğunun yoxlanılmasını əhatə edir.

Polisin Temza regionuna cavabdeh bölməsinin (Vindzor ərazisini də əhatə edir) yaydığı açıqlamada qeyd olunub: “Biz təqdim olunan məlumatları müəyyən edilmiş prosedurlara uyğun şəkildə qiymətləndiririk”, deyə polis nümayəndələri bazar ertəsi günü bildiriblər. Açıqlamada istintaqın gedişi və mümkün növbəti addımlarla bağlı əlavə detallara yer verilməyib.

The Financial Times yazır ki, bu addım Epşteyn işi ətrafında beynəlxalq səviyyədə artan diqqətin fonunda atılıb. ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər və yeni materiallar müxtəlif ölkələrdə hüquq-mühafizə orqanlarını dosyeləri yenidən nəzərdən keçirməyə vadar edib. Britaniya polisi də bu çərçivədə Epşteynin Böyük Britaniya ilə mümkün əlaqələrini, o cümlədən keçmiş şahzadə Endryu ilə təmaslara dair məlumatları qiymətləndirir.

Xatırladaq ki, şahzadə Endryu Epşteynlə əlaqələri ilə bağlı əvvəllər dəfələrlə gündəmə gəlib və bu qalmaqallar nəticəsində o, kral titulundan və rəsmi vəzifələrindən məhrum edilib. Endryu ittihamları rədd etsə də, məsələ Britaniya monarxiyası üçün ciddi reputasiya zərbəsi kimi qiymətləndirilib.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr