AZ

“Öz qəbrini qazan” kitabının təqdimatı keçirilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Kəmalə Mirzəyevanın “Öz qəbrini qazan" kitabının təqdimat mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, kitabın “Ön söz”ünün müəllifi Xalq yazıçısı Çingiz Abdullayev repressiya qurbanları ilə bağlı yazılan bu nəşrin dəyərini qeyd edib. Bildirib ki, repressiya illərində baş verən hadisələr, yaşayanlar araşdırılmalı və onların doğru təbliği aparılmalıdır. Ədəbiyyatda bu mövzuya müraciət olunması indiki dövrdə belə yerində və məqamındadır.

Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, tədbirin aparıcısı Əsəd Cahangir bildirib ki, müəllif sayca 2-ci olan bu kitabında hadisələri qısa və lakonik şəkildə ifadə edib:

“Müəllifin təhkiyəsi bəzi hallarda səbəbdən nəticəyə gedir ki, bu da oxucunu diqqətlə oxumağa məcbur edir".

O bildirib ki, bəzi hallarda insan obrazı vasitəsilə başqa sivilizasiyanın nümayəndələri kimi heyvanlar aləminə müraciət olunması da diqqətəlayiqdir.

Kəmalə Mirzəyevanın müəllimi, Əməkdar jurnalist Telli Pənahqızı qeyd edib ki, müəllif kitabda dünya insanını narahat edən məsələlərə toxunub.

Yazıçı Hüseynbala Mirələmov deyib: “Azərbaycan ədəbiyyatında çox hörmətli qadın yazıçılar olub. İnsan gedir, ancaq söz qalır. İnanıram ki, Kəmalə xanım Azərbaycan ədəbiyyatı tarixində olan o yazıçılar kimi adını yazdıracaq".

Yazıçı-publisist, Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist və kitabın rəyçisi Bəxtiyar Qaraca Azərbaycan Televiziyasında repressiya qurbanları ilə bağlı silsilə verilişlər hazırlayan K.Mirzəyevanın valideynlərinin pedaqoq olduğunu və bu mühitin onun formalaşmasında böyük rol oynadığını vurğulayıb.

Tanınmış idman xadimləri Xəzər İsayev, Hicran Şərifov, İsmayıl İsmayılov müəllifə uğurlar arzulayıb, onun yeni düşüncələrə gedən yolun adamı olduğunu qeyd edib, kitablarının sanbalından söhbət açıblar.

Şair Davud Nəsibin oğlu Xəyyam Nəsibli və digər çıxış edənlər K.Mirzəyevanın valideynlərinə, müəllimlərinə təşəkkür edib. Kəmalə xanımın hərtərəfli jurnalist, publisist kimi yetişməsində onların rolunun önəmini qeyd edib.

Seçilən
23
2
hafta.az

3Mənbələr