Elşad Həsənov: “Bu, sülh danışıqlarından çox, bir-birinə güc nümayiş etdirilməsi danışıqlarıdır”
Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranla Omanda keçirilən görüşün nəticələrini “çox yaxşı” adlandırıb. Danışıqlar necə yaxşı olub ki, İran tərəfi bir sıra məsələlərdən imtina etməyəcəyini açıq bəyan edib? İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib ki, ölkəsi, hətta müharibəyə səbəb olsa belə, uranı zənginləşdirmə hüququnda israr edir: “Uranın zənginləşdirilməsi İranın haqqıdır və bu proses davam etdirilməlidir”.
İranlı nazir onu da bildirib ki, İranın raket proqramı nə indi, nə də gələcəkdə müzakirə olunmayacaq, çünki bu, müdafiə məsələsidir.
Əgər bütün bu danışıqlar fonunda İran nüvənin zənginləşdirilməsindən, ballistik raketlərdən imtina etmirsə, o zaman danışıqları yaxşı hesab etməyə əsas varmı?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, bəzi gözləntilərə rəğmən, Omanda keçirilən ABŞ-İran danışıqları çox çətin keçir: “Düzdür, Tramp bunu ümumən “çox yaxşı” adlandırır. Ancaq İran tərəfi də bildirir ki, biz öz planlarımızdan əl çəkməyəcəyik. Bunu da onunla əsaslandırırlar ki, uranı zənginləşdirmək İranın təbii haqqıdır. O cümlədən, zənginləşdirilmiş uranı üçüncü ölkəyə təhvil verməyəcəyik. Bu isə o deməkdir ki, danışıqlar dalana dirənib. Bu həftə danışıqların növbəti ikinci raundu keçiriləcək və İranın yüksək səviyyəli rəsmilərindən birinin Omana gedəcəyi barədə məlumatlar var. Ancaq ABŞ-ın əsas tələbi İranın nüvə proqramından əl çəkməsidir. İranın isə hələlik bundan əl çəkmək fikri yoxdur. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, hər iki tərəf güc nümayiş etdirir. Uitkoff və Kuşner körfəzdəki təyyarə daşıyan gəminin heyəti ilə görüşüb. Onların döyüşə hazır olduqlarını gördülər. Buna cavab olaraq xarici işlər naziri Abbas Əraqçı da hərbçilərlə görüşüb. Bununla İranın müharibəyə hazır olduğunu göstərir. Maraqlı olan odur ki, sanki hər iki tərəf vaxt udmağa çalışır. Çünki ABŞ son 30-40 ildə ən güclü ordu bölmələrini İran ətrafına yığıb. Artıq “Ohayo” sualtı qayığı da əraziyə gəlir. Qeyd edək ki, sözügedən gəmi 154 “Tomoqaf” raketi götürə və ata bilir. Bütün bu hazırlıqlar onu göstərir ki, əgər İran nüvə proqramından əl çəkməsə Birləşmiş Ştatlar bu ölkəni vuracaq. Digər tərəfdən İran müəyyən mənada Çinin proksi qüvvəsidir. Çin gizli olaraq İrana dəstək verir, bir sıra silahları ora ötürür, onu gücləndirir. Hesab edirəm ki, Əraqçının özünə inamlı açıqlaması həm də bununla bağlıdır. Fikrimcə, danışıqların ikinci raundu da nəticəsiz olarsa, ABŞ İrana zərbələr endirəcək. Hesab edirəm ki, İsrail də bu zərbələrdə aktiv iştirak edəcək. Görünən odur ki, vəziyyət getdikcə daha da gərginləşir. Bu, sülh danışıqlarından çox, bir-birinə güc nümayiş etdirilməsi danışıqlarıdır”.
Vidadi ORDAHALLI