AZ

“KOLONİAL İRSIN SON SƏHİFƏSİ BAĞLANDI” Politoloq Naxçıvanla bağlı son qərarları şərh etdi

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Cənubi Qafqazda sülhün real mərhələsi başlayıb...”

“Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq utopiya yox, real siyasi gündəmdir. Hələ yaxın keçmişə qədər iki ölkə arasında sülhün mümkünlüyü barədə danışmaq belə qeyri-real görünürdü. Onilliklər davam edən münaqişə, iki müharibə, on minlərlə insan itkisi, yüz minlərlə qaçqın və cəmiyyətlərin şüuruna hopmuş qarşılıqlı nifrət Cənubi Qafqazda “əbədi müharibə” təsəvvürü formalaşdırmışdı”.

“AzPolitika” bildirir ki, bu fikirləri Politoloq, Xəzər Universitetinin professoru Ramiz Yunus sosial şəbəkə hesabında yazı yazıb.

O, qeyd edir ki, region yüz ildən artıq müddətdə - Rusiya imperiyasından SSRİ-yə, oradan da postsovet dövrünə qədər xarici nəzarət və idarə olunan qeyri-sabitlik modeli ilə mövcud olub. SSRİ-nin dağılmasından sonra da bu yanaşma dəyişməyib, Moskva özünü əsas vasitəçi kimi təqdim edərək münaqişənin tam həllinə imkan verməyib və bununla regionu geosiyasi asılılıqda saxlayıb.

Politoloqun fikrincə, dönüş nöqtəsi İkinci Qarabağ müharibəsindən sonra baş verib. Azərbaycanın qələbəsi regionda onilliklər boyu dəyişməz hesab edilən status-kvonu köklü şəkildə dəyişib. Münaqişə ilk dəfə olaraq aydın hərbi-siyasi yekun alıb və əvvəlki formullar öz aktuallığını itirib. Bu prosesləri sürətləndirən əsas amillərdən biri də Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə olub.

Uzunmüddətli münaqişəyə cəlb olunan Moskva postsovet məkanında operativ təsir imkanlarını zəiflədib və bu, regional oyunçular üçün yeni imkan pəncərəsi açıb.

Ramiz Yunus vurğulayır ki, bu imkan pəncərəsindən ilk növbədə Azərbaycan və Ermənistan liderləri istifadə edib. Uzun illərdən sonra tərəflər, xüsusilə də Moskvanın vasitəçiliyi olmadan, birbaşa dialoqa başlayıblar. 2025-ci ilin yayında Əbu-Dabidə keçirilən görüş və 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ prezidentinin iştirakı ilə baş tutan danışıqlar yeni mərhələnin əsas siyasi mərhələləri kimi tarixə düşüb. Həmin görüşlərdə sülh sazişinin əsasları paraflanıb, Zəngəzur dəhlizinin açılması barədə qərar qəbul edilib. Bu marşrut simvolik olaraq “Tramp yolu” adlandırılıb.

Politoloqun sözlərinə görə, proses təkcə diplomatik bəyanatlarla məhdudlaşmayıb. Real kommunikasiyaların açılması başlayıb: “Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan və Rusiyadan taxıl daşıyan yük qatarları keçib, Azərbaycan Ermənistana yanacaq tədarükünə başlayıb. Cəmi beş il əvvəl siyasi fantaziya kimi görünən bu addımlar artıq gündəlik reallığa çevrilib”.

Ekspert qeyd edir ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə növbəti görüşü ABŞ-nin vitse-prezidenti Cey Di Vensin regiona səfəri ərəfəsində “saatların yoxlanması” rolunu oynayıb.

Onun fikrincə, Vensin İrəvan və Bakıya səfəri Vaşinqtonun Cənubi Qafqaz strategiyasının dəyişdiyini açıq şəkildə göstərir. ABŞ regionu Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa xətti üzrə əsas logistika dəhlizi kimi dəyərləndirir. Təsadüfi deyil ki, 8 avqust görüşündən sonra ABŞ Prezidenti Mərkəzi Asiya ölkələrinin liderləri ilə ayrıca danışıqlar apararaq məhz bu dəhlizin əhəmiyyətini vurğulayıb.

Ramiz Yunus bildirir ki, Cənubi Qafqazda sülh ABŞ üçün Yaxın Şərq kontekstində də xüsusi əhəmiyyət daşıyır. Qəzza böhranı, İran ətrafındakı gərginlik və mürəkkəb regional ittifaqlar fonunda Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi tərəfdaşlarla koordinasiya Vaşinqton üçün strateji əhəmiyyət kəsb edir. Bu arxitekturada Azərbaycan yalnız regional ölkə deyil, təhlükəsizlik və logistika baxımından əsas mərkəz kimi çıxış edir və Ermənistanla davamlı sülh ABŞ üçün də strateji maraq daşıyır.

Politoloq Azərbaycanın Milli Məclisinin Naxçıvanla bağlı son qərarlarına və 1921-ci il Moskva və Qars müqavilələrinin denonsasiyasına da toxunur. Onun fikrincə, bu sənədlər sovet Rusiyasının Azərbaycan, Ermənistan və Gürcüstan üzərində qurduğu işğalın hüquqi əsasını təşkil edirdi.

Müasir Azərbaycanın 1918–1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu nəzərə alsaq, bu addım revanşizm yox, tarixi-hüquqi xarakter daşıyır və kolonial irsin son səhifəsini bağlayır. Ramiz Yunus vurğulayır ki, bir neçə il əvvəl belə qərar təsəvvür belə olunmazdı.

Ekspertin qənaətinə görə, Azərbaycan nadir tarixi yol keçir: hərbi qələbə diplomatik qələbəyə, daha sonra isə sülh gündəliyində üstünlüyə çevrilir. Eyni zamanda Ermənistanda da müəyyən dəyişikliklər müşahidə olunur. Daxili müqavimətə və prosesin ağrılı olmasına baxmayaraq, baş nazirin tərəfdarları arasında yeni reallığı qəbul edən siyasi qüvvələrin sayı artır. Bununla belə, Ramiz Yunus bildirir ki, hələ də ciddi maneələr mövcuddur – həm region daxilində, həm də ondan kənarda iki xalqın qarşıdurmasından illərlə faydalanan və sülhün baş tutmasında maraqlı olmayan qüvvələr var.

Politoloq hesab edir ki, məhz buna görə sülh prosesinə beynəlxalq siyasi və simvolik dəstək xüsusi əhəmiyyət daşıyır. Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinə Şeyx Zayed adına sülh mükafatının verilməsi Yaxın Şərqdən verilən mühüm siqnaldır. Ramiz Yunusun fikrincə, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri, eləcə də 8 avqustdan sonra prosesdə fəal rol oynayan ABŞ Prezidentinin Nobel Sülh Mükafatına layiq görülməsi təkcə mükafat deyil, həm də bu kövrək, lakin tarixi sülhün qorunması üçün mühüm siyasi alət ola bilər.

Sonda politoloq vurğulayır ki, söhbət yekun nəticələrdən deyil, nadir tarixi məqamın tanınmasından gedir – qələbənin müharibənin davamı yox, sülhün əsası olduğu bir məqamdan. Ramiz Yunus Çexiyanın sabiq prezidenti Vatslav Havelin fikrini xatırladır: “Sülh vəziyyət deyil, prosesdir.”

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr