AZ

ABŞ vitse prezidenti niyə 20 hərbi təyyarə ilə gəldi? Ekspertdən ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ceyms Devid Vensin Cənubi Qafqaza səfərinin ciddi nəticələri olacaq

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. ABŞ-nin vitse-prezidenti fevralın 9-10-da Ermənistanda rəsmi səfərdə olacaq, İrəvandan sonra Bakıya yollanacaq.

Məlumata görə, təyyarələrin əksəriyyəti fevralın 4-8-də İrəvan və Bakıya eniş edib. Monitorinqlər göstərib ki, Ermənistana 12 hərbi-nəqliyyat təyyarəsi gəlib, daha 9 təyyarə isə Azərbaycana uçub.

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov Sherg.az-a açıqlamasında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin regiona ilk səfərinin sıradan diplomatik addım olmadığını deyib:

"Amerika siyasətində ikinci şəxs hesab olunan fiqurun bu coğrafiyaya gəlişi xüsusi siyasi və təhlükəsizlik mesajı daşıyır. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təxminən 20 hərbi-nəqliyyat təyyarəsinin onu müşayiət etməsi həm regiondakı mövcud gərginliklə, həm də Vensi müşayiət edən heyyətin sıradan bir komanda olmaması ilə bağlıdır.

Nəzərə alsaq ki, Ceyms Vensin adı artıq ABŞ-nin potensial növbəti prezidenti kimi hallanır. ABŞ Konstitusiyasına görə Donald Tramp üçüncü dəfə prezident seçilə bilməz. Bu səbəbdən həm Marko Rubio, həm də xüsusilə vitse-prezident Vensin adı gələcək prezidentliyə mümkün namizədlər arasında daha çox səslənir.

Vens regiona olduqca geniş və çoxşaxəli bir heyətlə gəlib. Bu heyətin tərkibində təhlükəsizlik məsələlərinə cavabdeh strukturlar da var. Regionda İran amili, Yaxın Şərqdəki gərginlik və ümumi təhlükəsizlik mühiti ciddi narahatlıq doğurur. Bununla yanaşı, Vensdən əvvəl və onunla paralel olaraq ABŞ iqtisadiyyatı və Amerika şirkətləri ilə əlaqəli çoxsaylı nümayəndələr də həm Bakıda, həm də İrəvanda fəaliyyət göstərirlər.

Vitse-prezident ayın 9-10-da Ermənistanda, 10-11-də isə Bakıda olacaq. Burada mühüm siyasi, təhlükəsizlik və iqtisadi məsələlər müzakirə ediləcək. Faktiki olaraq, Vens prezident səlahiyyətlərinə yaxın statusa malik bir fiqur kimi regionda çıxış edir".

Ekspert Almaniyadakı Ramştayn aviabazasında təyyarələrin yanacaqla təmin olunmasının, texniki baxışdan keçirilməsinin və digər prosedurların bu səfər çərçivəsində əvvəlcədən planlaşdırılmış addımlar olduğunu bildirib:

"Bunlar səfərin miqyasını və strateji xarakterini göstərir. Həm Bakıya, həm də İrəvana səfərlər Vensin şəxsi siyasi çəkisi ilə yanaşı, onu müşayiət edən geniş heyətlə də birbaşa bağlıdır. Bu səfər hansısa əlavə hərbi qüvvə və ya açıq dəstək gətirilməsi məqsədi daşımır. Hazırda danışıqlar mərhələsi gedir və Tramp administrasiyasının mümkün marşrutları müzakirə olunur.

Bu axşam Venslə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək, sabah isə Azərbaycan Prezidenti və rəsmi şəxslərlə görüşlər planlaşdırılıb. Eyni zamanda, Vensi müşayiət edən aviasiya qrupu onun təhlükəsizliyini təmin edir və okeanın o tayından Cənubi Qafqaza gələn böyük Amerika nümayəndə heyətini dəstəkləyir.

Rəsmi olaraq Gürcüstana səfər planlaşdırılmasa da, həmin təyyarələrdən ikisinin Gürcüstanda yerləşməsi diqqət çəkir". 

Ekspert bir neçə gün əvvəl İtaliyada keçirilən tədbirlər zamanı ABŞ nümayəndələri ilə Gürcüstan siyasi rəhbərliyi arasında təmasların olduğunu qeyd edib: 

"Münasibətlərin normallaşdırılması ilə bağlı müəyyən müzakirələr aparılıb. Gürcüstan da bu istiqamətdə müəyyən razılıq nümayiş etdirib. Nəzərə alsaq ki, Vens səfərə ailə üzvləri-xanımı və övladları ilə birlikdə çıxıb, onu müşayiət edən təhlükəsizlik və texniki heyətin geniş və zəngin tərkibi tamamilə normaldır. ABŞ siyasi sistemində qərar qəbul edən şəxslərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Bu baxımdan, hərbi nəqliyyat təyyarələrinin iştirakı Vensin həm təhlükəsizliyinin qorunması, həm də səfərin yüksək səviyyədə təşkili məqsədi daşıyır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
sherg.az

1Mənbələr