Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycanla Ermənistan arasında sülh prosesi xeyli irəliləyib və artıq demək olar ki, bütün mübahisəli məsələlər həllini tapıb”.
Gununsesi.infobildirir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat vurğulayıb ki, sülh prosesinə mane olan yeganə ciddi məsələ Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsinə edilən istinaddır ki, həmin sənəddə Qarabağla bağlı müddəa yer alır:
“İyun ayında Ermənistanda seçkilərin təyin olunması səbəbindən bu vaxta qədər sülh müqaviləsinin imzalanması real görünməsə də, heç nəyni tam istisna etmək də olmaz. Azərbaycanın ilk gündən əsas şərti məhz həmin müddəanın Ermənistan Konstitusiyasından çıxarılması olub. Bundan başqa, tərəflər arasında ciddi fikir ayrılığı yaradan başqa bir məsələ yoxdur. Əsas məsələlər razılaşdırılıb və bu gün artıq iki ölkə arasında müəyyən münasibətlərin formalaşdığını demək mümkündür.
Dehliz açılıb, Azərbaycan ərazisindən Ermənistanın tranzit məqsədilə tam istifadə etməsi mümkündür, yollar açıqdır. Yaxın bir ay ərzində Ermənistanda istehsal olunan bəzi məhsulların Azərbaycan bazarına daxil olması da gözlənilir. Hər halda, hökumət nümayəndələri arasında müəyyən danışıqlar aparılıb, müzakirələr baş tutub.
Bu gün və sabah ABŞ-ın vitse-prezidenti Cey Di Vens artıq Ermənistandadır, danışıqlar aparılır. O, iki gün ərzində Azərbaycanda da olacaq. Düşünürəm ki, bu səfərlərdən sonra sülh prosesinin nə vaxt yekunlaşacağı ilə bağlı müəyyən proqnozlar irəli sürmək mümkün olacaq”.
Deputat vurğulayıb ki, əsas qüvvədə olan mövqe ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməyənə qədər Azərbaycan sülh müqaviləsini imzalamayacaq:
“Əgər müəyyən şərtlər dəyişərsə və ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfərlərindən sonra konkret irəliləyişlər olarsa, o zaman bu barədə daha ətraflı danışmaq olar.
Hesab edirəm ki, Azərbaycan istənilən halda sülh müqaviləsinin tələsik imzalanmasına razı olmamalıdır. Çünki hətta Azərbaycan sülh müqaviləsini imzalasa belə, Ermənistan tərəfi həmin müddəanı referendum yolu ilə dəyişmək istəsə, erməni xalqının buna səs verib-verməyəcəyi sual altındadır. Bu baxımdan, düşünürəm ki, Azərbaycan Ermənistan Konstitusiyasında həmin müddəa dəyişdirilməyənə qədər sülh müqaviləsinə getməyəcək.
Bununla yanaşı, iki ölkə arasında münasibətlər demək olar ki, normallaşıb və yaxşılaşma istiqamətində davam edir. Hər iki tərəf müharibənin yenidən başlamayacağına dair müəyyən əminlik nümayiş etdirir. Ermənistanın digər ölkələrlə silah alveri Azərbaycan üçün real təhlükə kimi qiymətləndirilmir, Ermənistan isə bunu öz milli təhlükəsizliyinin təmin edilməsi kimi təqdim edir.
Ümumilikdə, münasibətlər stabildir və sülh müqaviləsinin bağlanması prosesi yaxınlaşır. Ən azı bu il ərzində sülh müqaviləsinin imzalanmasının şahidi ola biləcəyimizi demək mümkündür”.
Xatırladaq ki, Vens 9-10 fevral tarixlərində Ermənistanda olacaq və bundan sonra Azərbaycana səfər edəcək.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.