AZ

Kiçik biznesin böyük səhvləri

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illər kiçik biznes qurmaq istəyənlərin sayı xeyli artıb. Kimisi sərbəst işləmək istəyir, kimisi əlavə gəlir axtarır, kimisi də “öz işimin sahibi olum” deyə düşünür. Sosial şəbəkələrdə paylaşılan uğurlu sahibkar hekayələri, “sıfırdan biznes” nümunələri bu arzunu daha da cazibədar göstərir. Amma reallıq çox vaxt bu hekayələrdən fərqli olur. Çünki açılan kiçik bizneslərin böyük hissəsi ilk bir neçə il ərzində bağlanır. Maraqlı olan isə budur ki, səbəb adətən bazarın çətinliyi yox, eyni səhvlərin təkrar-təkrar edilməsidir. Bu səhvlərin başında biznesi bazara yox, şəxsi zövqə görə qurmaq gəlir. Sahibkar məhsulu və ya xidməti özü bəyənir və düşünür ki, bu, uğur üçün kifayətdir. Halbuki bazar hisslərlə yox, ehtiyaclarla işləyir. Müştəri yalnız real problemini həll edən və ya ona konkret fayda verən nəsnələrə pul ödəyir. Praktikada tez-tez rast gəlinir ki, keyfiyyətli məhsul təqdim edən bizneslər müştəri tapmadığı üçün bağlanır. Səbəb sadədir: məhsul yaxşıdır, amma onu almaq istəyən insan üçün düşünülməyib. Digər geniş yayılmış problem planlama mərhələsində rəqəmlərə ciddi yanaşılmamasıdır. Bir çox sahibkar biznes planı hazırlasa da, onu formal sənəd kimi görür. Gəlirlər çox nikbin hesablanır, xərclərin isə bir hissəsi ümumiyyətlə nəzərə alınmır. Xüsusilə nağd pul axını unudulur. Halbuki biznesin yaşaması illik mənfəətdən çox, gündəlik pul dövriyyəsindən asılıdır. Dövriyyəsi olan, amma pulunu düzgün idarə edə bilməyən bizneslər qısa zamanda maliyyə çətinliyi ilə üzləşir. Marketinq də kiçik bizneslərin ən zəif tərəflərindən biridir. “Əvvəl açaq, sonra reklam edərik” düşüncəsi biznesi bazarda görünməz edir. Müasir dövrdə marketinq sadəcə reklam vermək deyil. Bu, biznesin nə olduğunu, nə təklif etdiyini və niyə seçilməli olduğunu anlatmaqdır. Müştəri bilmirsə ki, bu biznes niyə var və digərlərindən nə ilə fərqlənir, sadəcə yanından keçib gedir. Çox vaxt problem bazarda yox, özünü ifadə edə bilməməkdədir.Kiçik biznes sahiblərinin tez-tez yol verdiyi başqa bir səhv hər işi təkbaşına görməyə çalışmaqdır. Qənaət etmək məqsədilə sahibkar həm idarəçi, həm satıcı, həm mühasib, həm də marketoloq olur. Bu isə əvvəl-axır tükənmişliyə və səhv qərarlara gətirib çıxarır. Xüsusilə maliyyə və hüquqi məsələlərdə edilən xırda səhvlər sonradan böyük itkilərə çevrilir. Effektiv sahibkarlıq hər işi özü görmək yox, doğru işi doğru insana tapşırmaqdır. Bizneslə şəxsi maliyyənin qarışdırılması da ciddi problemdir. Kassadan şəxsi xərclər üçün istifadə edilir, sahibkar özünə maaş ayırmır, nəticədə biznesin real vəziyyəti bilinmir. Belə olduqda nə qədər qazanc olduğu da, nə qədər zərər edildiyi də aydın olmur. Qərarlar isə hesaba yox, hisslərə əsaslanır. İşlər istənilən kimi getmədikdə məsuliyyət çox vaxt xarici amillərə yüklənir. İqtisadi vəziyyət, alıcılıq qabiliyyəti, rəqabət. Halbuki eyni şəraitdə fəaliyyət göstərib uğur qazanan bizneslər də var. Fərq bazarı izləməkdə, müştərini dinləməkdə və dəyişikliklərə uyğunlaşmaqda ortaya çıxır. Biznesdə əsas məsələ haqlı olmaq yox, çevik olmaqdır. Bütün bunlardan aydın olur ki, əslində kiçik biznesin əsas problemi pul çatışmazlığı deyil. Əsas problem düşüncə tərzi və sistemli yanaşmanın olmamasıdır. Uğurlu bizneslər ideyaya yox, ehtiyaca fokuslanır. İnstinktə yox, hesablamaya güvənir. Kiçik biznes emosiyalarla başlaya bilər, amma yalnız düşüncə və intizamla ayaqda qala bilər.Çinarə Ağayeva

Biznes məsləhətçi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr