AZ

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

Sosialist Partiyasının namizədi Antonio Jose Sequro böyük səs çoxluğu ilə dövlət başçısı seçilib

Sol-mərkəzçi Sosialist Partiyasının namizədi Antonio Jose Sequro Portuqaliyada prezident seçkilərinin ikinci turunda böyük səs çoxluğu ilə qalib gələrək beş illik müddətə dövlət başçısı seçilib. Onun rəqibi ifrat-sağçı siyasətçi Andre Ventura idi.

Bülletenlər sayılandan sonra 63 yaşlı A. Sequro səslərin 67 faizini, A. Ventura isə 33 faizini qazanıblar. 

Bu nəticə, A. Venturanın immiqrasiya əleyhinə Partiyası olan "Çeqa"nın göstəricilərini xeyli üstələyir. Belə ki, ötənilki parlament seçkilərində partiya 22,8 faiz səs toplamışdı. 

Həmişə olduğu kimi, bu dəfə də Lissabon və Portuda səslərin sayılması sonuncu başa çatıb.

Exit-polllar da A. Sequronun aşkar şəkildə üstün olduğunu göstərib: onun dəstəyi 67-73 faiz, A. Venturanın dəstəyi isə 27-33 faiz  arasında qiymətləndirilib.

Seçki günlərində Portuqaliyada bərqərar olan əlverişsiz hava şəraiti seçici fəallığına  təsir göstərməyib və  yanvarın 18-də keçirilən birinci turla eyni səviyyədə qalıb.

 Daşqınlar səbəbindən ölkənin cənubunda və mərkəzindəki üç bələdiyyədə seçkilər bir həftə təxirə salınıb. Bu, təxminən 37 min seçici və ya ümumi seçicilərin təxminən 0,3 faizi deməkdir və ümumi nəticəyə heç bir təsir göstərməyəcək.

Antonio Jose Sequro martın əvvəlində Prezident Marselo Rebelo de Souzanın yerinə vəzifəyə başlayacaq.

Qeyd edək ki, Portuqaliyanın prezidenti vəzifəsi uğrunda rekord sayda namizəd - 11 (10 kişi və bir qadın) - mübarizə aparırdı.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr