AZ

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub  

Fevralın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə iclasında bir məsələ – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

Komitə sədri Siyavuş Novruzov çıxışında bildirib ki, ötən il yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə başlanılıb və bələdiyyələrin birləşdirilməsi idarəetmənin səmərəliyinin artırılmasına, onların institusional potensialının güclənməsinə və fəaliyyət imkanlarının genişlənməsinə xidmət edib. O qeyd edib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2025-ci il üzrə məruzəsində həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində görülən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub.

Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.

Nazir müavini qeyd edib ki, il ərzində ədliyyə orqanlarının fəaliyyəti çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilib, institusional və rəqəmsal islahatlar, o cümlədən süni intellekt həlləri tətbiq edilərək xidmətlərin keyfiyyəti və idarəetmə səmərəliliyi artırılıb. Bildirilib ki, bələdiyyələrin struktur islahatları nəticəsində onların sayı ölkə üzrə 685 vahid təşkil edib. Qeyd olunub ki, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra ötən ilin yanvarında bələdiyyə seçkiləri keçirilib, nəticədə bələdiyyələrin yeni tərkibi formalaşıb.

Bildirilib ki, 2025-ci ildə hüquq ekspertizasından keçən 81711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində - 1935) bələdiyyə aktının 97,2 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Cinayət əlamətləri aşkar olunan hallar üzrə materiallar istintaq orqanlarına göndərilib və inzibati xətalara görə vəzifəli şəxslər məsuliyyətə cəlb olunub.

Bundan başqa, hesabat ilində bələdiyyələrin maliyyə imkanlarının artırılması, yerli vergi və ödənişlərin düzgün hesablanması və yığılması, əhalinin məşğulluğunda bələdiyyələrin iştirakının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə və vətəndaşların məlumatlılığının artırılması üçün maarifləndirmə tədbirləri həyata keçirilib.

Nazir müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, maliyyə idarəçiliyində şəffaflığı artırılması, elektron xidmətlərin tətbiqi, elektron informasiya sistemlərinin qurulması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Sonra təqdim olunan məruzə ətrafında müzakirələr aparılıb. Çıxış edənlər bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, onların maliyyə mənbələrinin dayanıqlığının artırılması və yerli özünüidarəetmənin digər aktual məsələləri ilə bağlı bir sıra qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Seçilən
33
3
azerbaijan-news.az

5Mənbələr