Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivəsində təhsilin keyfiyyətinin, eləcə də nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2026-cı ilin fevral ayının 10-dan başlayaraq attestasiyanın keçirilməsi nəzərdə tutulur.
Day.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, təhsilverənlərin attestasiyasına hazırlıq işləri 2024-cü ilin noyabr ayından başlanılıb və artıq 2025-ci ildə I mərhələsi yekunlaşıb. Belə ki, Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə keçirilən attestasiyada 4000 yaxın müəllim iştirak etmiş və onlardan əksəriyyəti tutduğu vəzifəyə uyğun hesab edilib.
2026-cı ildə ilboyu keçiriləcək II mərhələdə 9 bölgəyə aid 57 inzibati ərazilərdə fəaliyyət göstərən incəsənət müəllimlərinin attestasiyası planlaşdırılır:
Mərkəzi Aran (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları), Gəncə-Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları), Lənkəran-Astara (Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları), Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları), Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları), Şəki-Zaqatala (Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonları), Qazax-Tovuz (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları), Dağlıq Şirvan (İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonları) bölgələri və Naxçıvan MR-da (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları).