AZ

İsraildən xəbərdarlıq: ABŞ olmadan da İrana hücum mümkündür

İsrailin "The Jerusalem Post” qəzetinin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Təl-Əviv hökuməti Vaşinqtona bildirib ki, zərurət yaranacağı təqdirdə ABŞ-ın iştirakı olmadan da İrana qarşı birtərəfli hərbi hücum həyata keçirə bilər.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumat ABŞ və İran arasında fevralın 6-da Omanda başlayan yeni dolayı danışıqlar fonunda yayılıb. Qəzet yazır ki, İsrailin hərbi və siyasi rəhbərliyindən olan mənbə ABŞ tərəfinə belə bir mesaj ötürüldüyünü təsdiqləyib: "Biz amerikalılara dedik ki, əgər İran ballistik raketlər məsələsində bizim qırmızı xəttimizi keçərsə, təkbaşına hücum edəcəyik”.

Mənbənin sözlərinə görə, hazırda dərhal hücum üçün şərtlər formalaşmayıb, lakin vəziyyət İsrail tərəfindən yaxından izlənilir. "The Jerusalem Post”un məlumatına əsasən, İsrail Müdafiə Nazirliyinin nümayəndələri bu mövqeyi ötən həftə ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə çatdırıblar.

Qəzet vurğulayıb ki, İsrail tərəfi ABŞ-ın İrana mümkün hücumunun məhdudmiqyaslı ola biləcəyindən narahatdır. Bu isə mövcud İsrail hökumətinin daha sərt mövqeyi ilə ziddiyyət təşkil edir.
 
 

Seçilən
54
7news.az

1Mənbələr