AZ

Evi Bakının mərkəzindən uzaq olanlara nəqliyyatla bağlı ŞAD XƏBƏR

Bakıda ictimai nəqliyyat parkının yenilənməsi prosesi davam etdirilir.

Bu barədə AYNA-dan BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir. Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 300-ə yaxın avtobus gətirilib.

Həmçinin ölkə üzrə isə ötən il ümumilikdə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi "İctimai Nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək.

"Eyni zamanda, paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək.

Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur".

Məlumata görə, Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri də davam etdirilir. Daşıyıcılar tərəfindən yeni avtobusların alınması istiqamətində işlər aparılır. Sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə marşrut şəbəkəsi optimallaşdırılır.

"Bakıətrafı ərazilərdə ictimai nəqliyyata əlçatanlığın artırılması üçün həm mövcud marşrutlarda avtobusların yenilənməsi, həm də yol infrastrukturu nəzərə alınaraq xətlərdə dəyişiklik edilir. Həmçinin yol infrastrukturunun vəziyyəti və sərnişin tələbatı nəzərə alınaraq yeni qəsəbədaxili marşrutlar təşkil edilir. Bu istiqamətdə işlərin davam etdirilməsi və Bakı şəhərinin marşrut şəbəkəsinin formalaşdırılması işləri çərçivəsində əlavə yardımçı və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulub".

Seçilən
27
far.az

1Mənbələr