Bretan əyalətinin Konkarno şəhərindəki PIRIOU gəmiqayırma zavodunda “Trolle de Prevo” patrul gəmisi suya salınıb.
Herbiand.az bildirir ki, bu, Fransa Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş ilk Patrouilleur Hauturier (PH) sinifli gəmidir.
Fransa Silahlı Qüvvələrinin Silahlanma Baş İdarəsi okean sinifli bu gəmilərdən 7 ədəd sifariş verib.
Uzunluğu 92 metr və su tutumu təxminən 2400 ton olan yeni gəmilər əvvəlki nəsil patrul gəmilərdən xeyli böyükdür. Onların heyət və sərnişinlər də daxil olmaqla 84 nəfərlik tutumu var.
Gəmilər aktiv fazalı antenalı Thales NS54 4D AESA radarı ilə təchiz olunub. Silahlanmaya 40 mm-lik RAPIDFire artilleriya sistemi, SIMBAD qısa mənzilli hava hücumundan müdafiə raket sistemi və anti-dron sistemləri daxil olacaq.
Patrul gəmiləri 35 illik xidmət müddəti üçün nəzərdə tutulub və ildə 300 gün əməliyyat hazırlığının aparılması hədəflənir.
Bəxtiyar CƏFƏRLİ