Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdə baş verən bütün hadisələrin Fələstin məsələsinin həll prosesini əngəlləmək istiqamətində inkişaf etdiyini bildirib:
“Bütün təşəbbüslərə baxmayaraq, regionun bu mərhələdə sakitləşəcəyini düşünmürəm”.
"Cebheinfo.az" xəbər verir ki, Lavrov paytaxt Moskvada keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun 15-ci Yaxın Şərq Konfransında iştirak edib. Konfransda çıxış edən nazir bölgədəki vəziyyətlə bağlı belə bildirib:
“Bütün təşəbbüslərə baxmayaraq, regionun bu mərhələdə sakitləşəcəyini düşünmürəm. “Ərəb baharı”ndan sonra sakitləşdirici bir tendensiya görmürük. Regionda baş verən bütün hadisələr Fələstin məsələsinin həll prosesini dalana dirəmək istiqamətində gedir”.
Lavrov ABŞ Prezidenti Donald Tramp administrasiyasının daha əvvəl də “İbrahim Razılaşmaları”nı dəstəklədiyini xatırladıb:
“Səudiyyə Ərəbistanının 2002-ci il tarixli Ərəb Sülh Təşəbbüsü alt-üst edildi. Bu təşəbbüs Fələstin Dövlətinin yaradılmasını və ərəb dünyasının İsraili tanımasını nəzərdə tuturdu. Hamı bunun baş verəcəyinə ümid edirdi. “İbrahim Razılaşmaları” isə bu prosesi kökündən dəyişdi. Hamı İsraili tanıyacaq, sonrasına isə baxılacaqdı. Bunun nə demək olduğunu indi görürük”.
Lavrov Trampın Qəzza zolağı ilə bağlı sülh planını dəstəklədiklərini bildirərək, bu planın qan tökülməsinin qarşısının alınmasını və girovlar probleminin həllini nəzərdə tutduğunu qeyd edib. Bu məqamların vacib olduğunu vurğulayan Lavrov Qəzzada zorakılığın davam etdiyini deib:
“İsrail əsgərlərinin Qəzza zolağından çıxarılması, HƏMAS-ın silahsızlaşdırılması, humanitar yardım prosesinin təşkili və Qəzzada idarəetmənin qurulması daxil olmaqla, planın digər hissələri ilə bağlı heç bir aydınlıq yoxdur”.
Lavrov Trampın Qəzza sülh planı çərçivəsində “Sülh Şurası”nın və bu quruma bağlı fələstinli texnokratlardan ibarət idarəetmə strukturunun yaradıldığına diqqət çəkib:
“Bu qurumların real səlahiyyətlərinin nədən ibarət olduğu məlum deyil. Ümid edirik ki, bu məsələlər aydınlaşdırılacaq”.
Lavrov ABŞ-nin Qəzza sülh planının ikinci mərhələsinə keçildiyini elan etdiyini xatırladaraq, Fələstin Dövlətinin yaradılmasının hələ də əsas məsələ olaraq qaldığını vurğulayıb.