AZ

Türkiyədən Azərbaycana bu məhsulun gəlişi DAYANDIRILDI – Yüksək bahalaşma RİSKİ

Ramazan ayı ərəfəsində Türkiyədə ərzaq bazarında müşahidə olunan qiymət artımları hökuməti təcili addımlar atmağa vadar edib.

Xüsusilə toyuq məhsullarının qiymətinin qısa müddətdə təxminən 15 faiz bahalaşması həm istehlakçılar, həm də rəsmi qurumlar üçün ciddi narahatlıq yaradıb. Daxili bazarda süni qıtlıq riskinin və sosial gərginliyin qarşısını almaq məqsədilə Türkiyə Ticarət Nazirliyi toyuq məhsullarının ixracının müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Qərara əsasən, sabahdan etibarən bu məhsulların xarici bazarlara çıxarılması məhdudlaşdırılacaq.

Rəsmi açıqlamada bildirilib ki, əsas məqsəd daxili bazarda təklifi artırmaq, qiymətlərin sabitləşməsinə nail olmaq və istehlakçıların maraqlarını qorumaqdır. Eyni zamanda bazardakı vəziyyətin daim nəzarətdə saxlanılacağı və ehtiyac yaranacağı təqdirdə əlavə tədbirlərin görüləcəyi də vurğulanıb.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qərarın həm iqtisadi, həm də sosial baxımdan məntiqli addım olduğunu bildirib.

Ekspertin sözlərinə görə, ixracın dayandırılması ilk növbədə daxili bazarın qorunmasına xidmət edir:

“Ramazan ayı ərəfəsində ərzaq məhsullarına tələbat artır və bu da qiymətlərə təzyiq yaradır. Türkiyə hökuməti bu addımla daxili bazarda təklifi artırmağa və süni bahalaşmanın qarşısını almağa çalışır. Bu, qısa müddətli dövrdə qiymətlərin stabilləşməsinə müsbət təsir göstərə bilər”.

Əkrəm Həsənov qeyd edib ki, bu qərarın Türkiyənin xarici iqtisadi əlaqələrinə ciddi mənfi təsir göstərməsi gözlənilmir:

“İxracın dayandırılması müvəqqəti xarakter daşıyır. Türkiyə uzunmüddətli tərəfdaşlıq prinsiplərindən kənara çıxmır. Sadəcə olaraq daxili bazarda tarazlıq bərpa olunana qədər prioriteti öz vətəndaşlarının ehtiyaclarına verir. Bu səbəbdən də tərəfdaş ölkələrlə münasibətlərdə ciddi problemlər yaranmayacaq”.

Onun fikrincə, Azərbaycan da daxil olmaqla, Türkiyədən toyuq məhsulları idxal edən ölkələr qısamüddətli çətinliklərlə üzləşə bilər:

“Qısa müddətdə bazarda alternativ mənbələrə ehtiyac yarana bilər. Lakin Türkiyə ilə iqtisadi əlaqələrin miqyası genişdir və bu cür qərarlar ümumi münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu, Türkiyənin daxili iqtisadi sabitliyə verdiyi önəmin göstəricisidir.”

Ekspert sonda vurğulayıb ki, qiymət artımları nəzarət altına alındıqdan sonra ixracın yenidən bərpa olunması ehtimalı yüksəkdir və bu proses regional ticarət balansına ciddi zərər vurmayacaq.

Tunar

Seçilən
60
nocomment.az

1Mənbələr