AZ

Məktəblər boşdur: “Şagirdlər bal ardınca hazırlığa gedir”

Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümmətovun sinif otağında çəkdiyi video müzakirələrə səbəb olub. 

Müəllim 11-ci sinif şagirdlərinin dərsə gəlmədiyini bildirərək sinfin tamamilə boş olduğuna diqqət çəkib. Q.Hümmətov paylaşımında qeyd edib ki, dərs saatı olmasına baxmayaraq, şagirdlərin dərsə davamiyyəti sıfırdır və onların gəlmədiyi jurnalda qeyd edib. O, eyni zamanda məktəbə direktorun yeni təyin olunduğunu da əlavə edib. 

Bəzi məktəblərdə XI sinif şagirdləri son dərs saatlarında repetitor yanına getdiyi üçün məktəbdə olmur. Bu isə təhsil sistemində davamiyyət problemini və məktəb ilə əlavə hazırlıq arasında yaranan fərqi gündəmə gətirir. 

Məktəblərdə davamiyyət aşağıdırsa, çıxış yolu nədir? 

Mövzu ilə bağlı “Cebhenfo.az” –a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, əslində burada günahı yalnız şagirdin üzərinə atmaq doğru olmaz: 

“Şagirdin məktəbə yox, repetitor və kurslara üstünlük verməsi artıq bir seçimdən çox, sistemin formalaşdırdığı “məcburi istiqamətə” çevrilib. 

Çünki bir çox ailə belə düşünür ki, məktəbdə keçirilən dərs imtahana yetmir, amma repetitor nəticə verir. Nəticədə məktəb “əsas təhsil məkanı” rolunu itirib, sadəcə formal davamiyyət və sənəd mərhələsinə çevrilib. Bu isə çox ciddi və təhlükəli tendensiyadır. Məncə, problem təkcə davamiyyətdə deyil, məktəbin funksiyasının cəmiyyətdə zəifləməsindədir. 

Şagird məktəbdə özünü inkişaf etdirdiyini, real bilik qazandığını, müəllimin ona nəsə verdiyini hiss etmirsə, təbii olaraq daha çox nəticə və bal verən alternativ yollara yönələcək. Xüsusilə 11-ci sinif şagirdi üçün əsas hədəf universitetə qəbul olduğundan, məktəb onun gözündə “vaxt itkisi” kimi görünməyə başlayır”. 

Onun sözlərinə görə, digər tərəfdən, bu vəziyyət həm də qiymətləndirmə sisteminin yaratdığı təzyiqdən qaynaqlanır: 

“Şagird bilik üçün yox, bal üçün oxuyur. Bal isə çox zaman məktəbdən deyil, əlavə hazırlıqdan gəlir. Bu reallıq dəyişmədikcə, məktəbdə davamiyyət məsələsini inzibati tədbirlərlə həll etmək mümkün olmayacaq”. Onun fikrincə, bir neçə əsas istiqamətdə real addımlar atılmalıdır: 

“Əvvəla, məktəbdə keçirilən dərs proqramı imtahan sistemi ilə uyğunlaşdırılmalı, müəllimin dərsdə verdiyi bilik şagird üçün “yetərli baza” rolunu oynamalıdır. İkincisi, məktəbdə keyfiyyətli tədris mühiti yaradılmalıdır ki, şagird repetitor yanına getməyə məcbur qalmasın. 

Üçüncüsü, məktəbdə müəllim nüfuzu və motivasiyası gücləndirilməlidir. Müəllim özünü yalnız “jurnal dolduran şəxs” kimi yox, nəticə yaradan əsas fiqur kimi hiss etməlidir”. 

Ekspert qeyd edib ki, valideynlərlə iş daha ciddi qurulmalıdır: 

“Çünki davamiyyət məsələsində valideyn məsuliyyəti çox zaman arxa plana keçir. Şagirdin dərsə gəlməməsi sadəcə məktəbin yox, ailənin də məsuliyyətidir. Bu hadisə onu göstərir ki, məktəblərdə davamiyyətin aşağı olması tək-tək məktəblərin problemi deyil, ümumi sistemin yaratdığı nəticədir. 

Əgər məktəb şagird üçün real bilik, motivasiya, inkişaf və nəticə məkanı olmasa, kurs və repetitorlar təbii olaraq əsas təhsil platformasına çevriləcək. Bu isə gələcəkdə məktəbin cəmiyyətdəki rolunu daha da zəiflədə bilər. 

Ona görə də bu məsələni yalnız intizam tədbiri kimi yox, təhsil sisteminin keyfiyyət və etimad problemi kimi qiymətləndirmək lazımdır”. 

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr