AZ

Rəqəmsal suverenlik uğrunda mübarizə: Avropanın AI strategiyası

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (AI) süni intellekt sahəsində qlobal liderlərdən birinə çevrilməyi hədəfləyir. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib ki, AI Avropanın rəqabət qabiliyyətini artırmaq, təhlükəsizliyi möhkəmləndirmək və biliklərə çıxışı daha demokratik etmək üçün mühüm alətdir. Əlbəttə, Avropa İttifaqının (Aİ) süni intellekt sahəsində qlobal liderlərdən birinə çevrilmək ambisiyası təkcə texnoloji inkişaf məqsədi daşımır, eyni zamanda, iqtisadi rəqabətqabiliyyətinin qorunması, strateji muxtariyyətin gücləndirilməsi və geosiyasi balansın saxlanılması ilə birbaşa əlaqəlidir. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin vurğuladığı kimi, süni intellekt Aİ üçün məhsuldarlığın artırılması, təhlükəsizliyin möhkəmləndirilməsi və biliklərə çıxışın demokratikləşdirilməsi baxımından əsas alətlərdən biridir. Lakin bu məqsədlərin reallaşması texnologiyanın özündən daha çox onu daşıyan infrastrukturun vəziyyətindən asılıdır.

Son illərdə süni intellektin biznes, sənaye, səhiyyə, nəqliyyat və dövlət idarəçiliyi kimi sahələrdə sürətlə yayılması Avropanı yeni bir seçim qarşısında qoyur: ya rəqəmsal transformasiyanı sürətləndirərək qlobal yarışda mövqeyini qorumaq, ya da ABŞ və Çin kimi texnoloji nəhənglərin arxasında qalmaq. “Nokia”nın araşdırması bu paradoksu açıq şəkildə ortaya qoyur. Şirkətlərin 84 faizinin AI-ni strateji prioritet kimi qəbul etməsinə baxmayaraq, respondentlərin üçdə ikisi mövcud telekommunikasiya və rəqəmsal bağlantı infrastrukturunun bu hədəflərə çatmağa imkan vermədiyini bildirir. Bu isə Avropada texnoloji ambisiyalarla real imkanlar arasında ciddi uyğunsuzluğun mövcud olduğunu göstərir.

Məsələnin kökündə struktur problemlər dayanır. ABŞ və Asiyanın qabaqcıl regionları ilə müqayisədə Avropa rəqəmsal şəbəkələrin qurulması, 5G-nin tətbiqi və özəl sektor investisiyalarının həcmi baxımından geri qalır. Xüsusilə 5G “standalone” texnologiyalarının ləng tətbiqi, fiber-optik şəbəkələrin qeyri-bərabər yayılması və “edge computing” infrastrukturunun yetərsizliyi süni intellektin real vaxt rejimində işləməsini məhdudlaşdırır. Halbuki AI sistemlərinin səmərəliliyi aşağı gecikmə, yüksək ötürmə qabiliyyəti və etibarlı məlumat axını tələb edir.

Bu kontekstdə IP-optik magistrallar və regional “edge” məlumat mərkəzləri təkcə texniki məsələ deyil, həm də iqtisadi və təhlükəsizlik məsələsidir. Süni intellektə əsaslanan sənaye avtomatlaşdırması, ağıllı şəhərlər və rəqəmsal səhiyyə sistemləri yalnız güclü və dayanıqlı şəbəkə infrastrukturu üzərində mümkündür. Əks halda, Avropa innovasiyaların istehsalçısı deyil, istehlakçısı mövqeyində qalmaq riski ilə üz-üzədir.

Digər mühüm ölçü isə kibertəhlükəsizlik və etibardır. Avropa İttifaqı AI sahəsində “insan mərkəzli” və etik yanaşmanı ön plana çıxararaq özünü ABŞ-ın bazar yönümlü, Çinin isə dövlət nəzarətli modelindən fərqləndirməyə çalışır. Lakin etibarlı süni intellekt yalnız hüquqi çərçivələrlə deyil, həm də təhlükəsiz texnoloji infrastrukturla mümkündür. Məlumatların qorunması, kritik şəbəkələrin müdafiəsi və rəqəmsal suverenlik məsələləri AI strategiyasının ayrılmaz hissəsinə çevrilib.

Bu baxımdan vahid rəqəmsal bazarın tamamlanması və tənzimləmələrin sadələşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda Avropada fərqli ölkələr üzrə parçalanmış qaydalar investisiyaların qarşısını alır, texnoloji miqyaslanmanı çətinləşdirir və startapların qlobal səviyyədə rəqabət aparmaq imkanlarını zəiflədir. AI Aktı kimi təşəbbüslər risklərin idarə olunması baxımından mühüm olsa da, həddindən artıq tənzimləmə innovasiyanı boğmaq təhlükəsi yarada bilər. Bu balansın düzgün qurulmaması Avropanın texnoloji yarışda daha da geriləməsinə səbəb ola bilər.

Bir sözlə, Avropa İttifaqının süni intellekt sahəsində liderlik iddiası yalnız strateji bəyanatlarla deyil, real və sürətli investisiya qərarları ilə dəstəklənməlidir. Rəqəmsal bağlantı infrastrukturu gücləndirilməzsə, AI-nin iqtisadi artıma, məhsuldarlığa və təhlükəsizliyə töhfə vermək potensialı tam reallaşmayacaq. Ekspertlərin xəbərdarlığı aydındır: Avropa indi hərəkət etməsə, gələcək onillikdə innovasiya mərkəzi olmaq əvəzinə, qlobal texnoloji güclərin müəyyən etdiyi qaydalarla yaşamaq məcburiyyətində qala bilər.

Səbuhi MƏMMƏDOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr