İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən İranın Xarici Siyasəti və Xarici Əlaqələr Tarixi Konqresində çıxış edib.
Çıxışında İranın nüvə proqramı, uranın zənginləşdirilməsi hüququ, ABŞ-la aparılan danışıqlar prosesi və Vaşinqtonun bölgədəki hərbi təzyiqləri ilə bağlı mövqeyini açıqlayan Əraqçi bildirib ki, İran nüvə proqramı uğrunda ağır bədəllər ödəyib.
Əraqçi vurğulayıb ki, uranın zənginləşdirilməsi ölkənin kənd təsərrüfatı, səhiyyə və digər sahələrdəki ehtiyaclarına xidmət edir, eyni zamanda gələcək nüvə yanacağı tələbatı və atom elektrik stansiyası hədəfləri baxımından zəruridir. O, bu məsələyə müstəqillik və milli ləyaqət prizmasından yanaşdığını bildirib:
“Zənginləşdirmədə israr etməyimizin və müharibə məcbur edilsə belə bundan imtina etməməyimizin səbəbi odur ki, heç kim bizə nəyə sahib olub-olmayacağımızı diktə edə bilməz. Zənginləşdirmə hüququ bizə məxsusdur və bu hüquqdan istifadə edib-etməmək də bizim qərarımızdır”, – deyə Əraqçi bildirib.
Nazir qeyd edib ki, illərdir İrana “zənginləşdirmə hüququnuz yoxdur, bu sıfır olmalıdır” deyilir və bunun səbəbi kimi narahatlıqlar göstərilir. Əraqçi əlavə edib ki, İran bu narahatlıqları aradan qaldırmağa, sualları cavablandırmağa və etimad yaratmağa hazırdır, lakin heç kəs sırf öz istəyi ilə Tehrana “buna sahib olmamalısan” deyə bilməz.
Əraqçi İranın əsas gücünün zorakılıq və təzyiqlərə qarşı dura bilməsində olduğunu vurğulayaraq, ölkəsinin nüvə bombası ardınca getmədiyini bildirib: “Bizim nüvə bombamız böyük güclərə ‘yox’ deyə bilmə bacarığımızdır”.