AZ

İkinci episentrdə mübarizə: ABŞ və Rusiya Cənubi Qafqazda nə istəyir? – ÖZƏL

"44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir siyasi situasiya formalaşıb. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət həm regional, həm də qlobal geosiyasi baxımdan bölgədə yeni reallıqlar yaradıb. Çünki Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu strateji bir məkandır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün dünyada qlobal supergüclər arasında ciddi qarşıdurma gedir. Rusiya ilə ABŞ arasında iqtisadi, siyasi və hərbi müstəvilərdə açıq və gizli mübarizə mövcuddur. Bu qarşıdurmanın birinci episentri Ukraynadırsa, ikinci episentri məhz Cənubi Qafqaz hesab olunur. Azərbaycan Prezidentinin yaratdığı siyasi situasiya qlobal güclərin maraqlarını uzlaşdırmaq və regionda sabitlik yaratmaq məqsədi daşıyır. Çünki 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalması regionda sabitliyin pozulmasına hesablanmış bir siyasətin nəticəsi idi. Bu siyasətə 44 günlük müharibə ilə son qoyuldu. Bu gün Cənubi Qafqazda Azərbaycanın apardığı siyasət nəticəsində sabitlik formalaşıb. Məhz bu sabitlik fonunda qlobal güclərin maraqlarının uzlaşdırılması prosesi həyata keçirilir. Bildiyiniz kimi, ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazda maraqlar daha çox iqtisadi müstəvidə uzlaşdırılmağa başlayıb. Bayden administrasiyası dövründə ABŞ-nin regiondakı maraqları əsasən Ermənistan üzərindən təzyiq mexanizmləri ilə həyata keçirilirdisə, Trampın hakimiyyətə qayıdışı ilə bu maraqların iqtisadi əsaslar üzərində uzlaşdırılması prosesi gedir. Cənubi Qafqaz Şərqlə Qərbin qovuşduğu strateji bir məkandır və bu bölgə həm Rusiyanın, həm də Amerikanın maraq dairəsindədir. Bu baxımdan regionda yeni bir siyasi situasiya yaranıb. Nəqliyyat infrastrukturunun inkişafı, Orta Dəhlizin əsas qollarından biri olan Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi gündəmdədir. Azərbaycan-ABŞ münasibətlərinin sürətlə inkişafı, eyni zamanda Azərbaycan-Rusiya arasında maraqların uzlaşdırılması bu siyasətin əsas istiqamətlərindəndir. Məhz bu səbəbdən Ermənistanda olan bəzi qüvvələr Azərbaycan Prezidentinin apardığı bu siyasəti qəbul edə bilmirlər. Çünki Azərbaycan Prezidentinin yaratdığı regional və siyasi situasiya maraqların uzlaşdırılması yolu ilə sabitliyin təmin edilməsinə xidmət edir və bu sabitlik nəticəsində hər bir dövlət öz maraqlarını reallaşdırmaq imkanı əldə edir.

Ekspert qeyd edib ki, Ermənistan isə uzun illər bu proseslərdə qlobal güclərin alətinə çevrilib. İndi isə bu proseslərdə sadəcə kənardan müşahidəçi mövqeyində qalır. Buna görə də Ermənistanın müəyyən siyasi dairələri Azərbaycanın apardığı siyasətə kölgə salmağa çalışırlar. Vaxtilə ABŞ tərəfindən qəbul edilmiş 907-ci maddə ilə Azərbaycana qarşı sanksiyalar tətbiq olunmuş, Ermənistana isə müxtəlif vasitələrlə yardımlar göstərilmişdi. Bu maddənin dondurulması və Azərbaycan-ABŞ münasibətlərinin inkişafı həm regional, həm də qlobal geosiyasi baxımdan müsbət addımlar hesab olunur. ABŞ-nin rəsmi nümayəndələrinin Azərbaycana və Ermənistana səfərləri də regionda Amerikanın maraqlarını təmin etməyə yönəlmiş addımlardır. Azərbaycan bu proseslərdə rasional və praqmatik dövlət kimi çıxış edir. Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizi ilə bağlı məsələlər də gündəmdədir. Avqustun 8-də ABŞ-də aparılan danışıqlar zamanı Ermənistan bu dəhlizin müəyyən mənada Amerikanın himayəsi altında işləməsi ilə bağlı öhdəliklər götürüb. Lakin məsələ ondadır ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərin nəticəsindən asılı olaraq Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı proseslər ya sürətlənə, ya da ləngiyə bilər. Əgər 2026-cı ildə Ermənistanda Rusiya yönümlü qüvvələr hakimiyyətə gələrsə, bu halda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi yenidən gündəmə gələ bilər. Məhz buna görə də ABŞ rəsmiləri bölgəyə səfərləri zamanı bu məsələlərin köklü şəkildə həllini istəyirlər.

"İran məsələsinə gəldikdə isə Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən üçüncü dövlətlərin İrana qarşı istifadəsinə heç vaxt icazə verilməyəcək. Lakin Ermənistan ərazisində ABŞ-nin geniş rezidentura şəbəkəsinin mövcudluğu da faktdır. Amerikanın Ermənistandakı səfirliyində minlərlə diplomatik korpusun fəaliyyəti suallar doğurur. Bu diplomatik korpus daxilində kəşfiyyat strukturlarına xidmət edən xüsusi bölmələrin mövcudluğu barədə də iddialar var. Məlum olduğu kimi, Ermənistan üzərindən İran daxilində kəşfiyyat xarakterli fəaliyyətlərin aparıldığı dəfələrlə gündəmə gətirilib. Ermənistan siyasi elitası isə bu fəaliyyətləri ört-basdır etmək üçün müxtəlif manevrlər edir. Azərbaycan isə qonşu dövlətlərlə dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bu siyasəti beynəlxalq hüquq çərçivəsində həyata keçirməyə çalışır", - deyə siyasi şərhçi vurğulayıb.

A. Məsiyev bildirib ki, qlobal geosiyasi baxımdan supergüclərin maraqlarının toqquşduğu bir dövrdə Azərbaycan bu maraqları uzlaşdırmaqla Cənubi Qafqazda sabitliyin təmin olunmasına nail olan bir siyasət yürüdür. Azərbaycan xəritədə kiçik dövlət olsa da, xarici siyasətdə qlobal proseslərə təsir göstərə biləcək gücə malikdir. Bu da 44 günlük Vətən müharibəsindən sonra formalaşmış yeni reallıqların nəticəsidir. Cənubi Qafqazda davamlı sabitliyin yaranması üçün maraqların uzlaşdırılması zəruridir. Ermənistan isə maraqların uzlaşdırılması əvəzinə regionda gərginliyi artırmağa yönəlmiş siyasət həyata keçirir. Paşinyan hakimiyyəti açıq şəkildə anti-Rusiya kursu yürüdür və bu da regionda ABŞ-Rusiya qarşıdurmasını daha da dərinləşdirir. Paşinyanın hakimiyyətə gətirilməsinin əsas məqsədi Ermənistanda Rusiyanın təsirini zəiflətmək və Amerikanın maraqlarını ön plana çıxarmaq olub. Bu isə maraqların toqquşmasına və nəticə etibarilə regional sabitliyin pozulmasına gətirib çıxarır. Ermənistanın siyasəti bölgədə sabitliyi möhkəmləndirmək yox, qarşıdurmanı gücləndirmək üzərində qurulub. Azərbaycan isə bu qarşıdurmanı aradan qaldırmaq üçün maraqların uzlaşdırılması siyasətini davam etdirir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
60
olaylar.az

1Mənbələr