AZ

Fransa Ukraynaya "Mirage 2000" qırıcılarının verilməsinə hazırlıq barədə məlumat verib

Kiyev və Paris Ukrayna və Fransa ərazilərində birgə silah istehsalı barədə razılığa gəlib.

"Far.Az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov teleqram sosial şəbəkəsində məlumat yayıb.

"Fransa silahlı qüvvələr naziri Katrin Votren ilə birgə Ukrayna və Fransa ərazisində silahların birgə istehsalı üzrə niyyət məktubu imzaladıq. Bu, müdafiə-sənaye kompleksi sahəsində genişmiqyaslı birgə layihələrə yol açır. Təchizatdan birgə istehsala və müdafiəmizi sistemli şəkildə gücləndirən uzunmüddətli həllərə keçirik", - Fyodorov yazıb.

Bundan əlavə, nazir qeyd edib ki, Fransa tərəfi Ukraynaya "Mirage 2000" təyyarələrinin verilməsinə hazırlıq barədə məlumat verib.

"Həmçinin təyyarələrin tədarükünün sürətləndirilməsini və rekord həcmdə "AASM Hammer" idarə olunan aviasiya bombaları üzərində işin davam etdirilməsini müzakirə etdik. Ukrayna SAMP/T, "Mistral" və "Crotale" sistemlərinin, eləcə də onlar üçün döyüş sursatlarının gələcək tədarükündə maraqlıdır. Ballistik təhdidlərə daha effektiv qarşı durmaq üçün SAMP/T-nin təkmilləşdirilməsi üzərində birgə işləməyi təklif etdik. Paralel olaraq, "Aster" raketlərinin tədarükü və istehsalının sürətləndirilməsi üzrə əməkdaşlıq davam edir", - Fyodorov bildirib.

Tərəflər Ukraynaya uzaqmənzilli zərbə vasitələrinin, xüsusilə də SCALP raketlərinin verilməsini ayrıca müzakirə ediblər.

"Ukrayna və Fransa hökumətləri, eləcə də müdafiə şirkətləri arasında birgə layihələrə diqqət yetirdik: təhlükəsizlik sahəsində həllərin sınaqdan keçirilməsi və innovativ radioelektron mübarizə sistemlərinin hazırlanması. Həmçinin müdafiə sahəsində əməkdaşlığın əsas prioritetlərini razılaşdırdıq və birgə layihələrin, xüsusilə də Avropa İttifaqının krediti və SAFE proqramı hesabına maliyyələşdirilməsini müzakirə etdik", - nazir vurğulayıb.

Seçilən
44
far.az

1Mənbələr