“Binance”in həmtəsisçisi Changpeng Zhao şirkətin strategiyasının genişləndirildiyini elan edərək müxtəlif ölkələrin milli valyutalarına bağlı steyblkoinlərin inkişafına diqqət yönəldildiyini bildirib. Onun sözlərinə görə, rəqəmsal aktivlər ekosistemi yalnız ABŞ dolları ilə nominasiya olunan həllərlə məhdudlaşmamalıdır.
Zhao vurğulayıb ki, blokçeyn texnologiyası elə bir mərhələyə qədəm qoyur ki, hər bir milli valyuta rəqəmsal formatda təqdim oluna bilər və olunmalıdır. Onun fikrincə, bu yanaşma daha balanslı və dayanıqlı maliyyə infrastrukturunun formalaşmasına kömək edəcək. Bu barədə “CryptoNews” məlumat yayıb.
Bəyanat steyblkoin bazarının tənzimlənməsi ilə bağlı aktiv müzakirələr fonunda səslənib. Hazırda bazarda əsasən dollarla təmin olunmuş alətlər üstünlük təşkil edir. Son illər kriptoiqtisadiyyatda Tether (USDT) və USD Coin (USDC) kimi aktivlər hesablaşmalar, likvidliyin saxlanması və sərhədlərarası köçürmələr üçün geniş istifadə olunur.
Eyni zamanda getdikcə daha çox ölkə öz milli valyutalarına əsaslanan rəqəmsal aktivləri dollar infrastrukturundan asılılığı azaltmaq vasitəsi kimi nəzərdən keçirir. Milli steyblkoinlərin inkişafı beynəlxalq hesablaşmaları sadələşdirə, ödənişlərin şəffaflığını artıra və dövlətlərə rəqəmsal mühitdə maliyyə axınlarına daha böyük nəzarət imkanı verə bilər.
Analitiklərin fikrincə, müxtəlif fiat valyutalara bağlı stablkoinlərin geniş yayılması kriptovalyuta bazarının strukturunu əhəmiyyətli dərəcədə dəyişə və tənzimləyicilərin mövqeyinə təsir göstərə bilər. Bu prosesdə əsas rolun zəruri infrastruktur və istifadəçi etimadına malik banklara, fintex şirkətlərinə və iri kriptobirjalara məxsus olacağı gözlənilir.
“Binance”də vurğulayırlar ki, şirkətin gələcək inkişafı yalnız qlobal dollar həlləri ətrafında qurulmayacaq, eyni zamanda müxtəlif milli valyutaları blokçeynə inteqrasiya edən layihələrin dəstəklənməsi hesabına baş verəcək. Bu inkişaf istiqaməti stablkoinlərin və ümumilikdə rəqəmsal maliyyənin təkamülündə növbəti mərhələ ola bilər.