AZ

Komitə sədri: Yerli özünüidarəetmə daha səmərəli və funksional institut kimi formalaşmalıdır

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi möhkəm siyasi və ideoloji əsaslar üzərində qurulan müasir Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin uzaqgörən, praqmatik və qətiyyətli rəhbərliyi ilə tarixi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Dövlət başçısının həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət nəticəsində Azərbaycan regionda və beynəlxalq müstəvidə artan nüfuza malik, müstəqil mövqeyi və prinsipial yanaşmaları ilə seçilən güclü dövlət kimi tanınır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bələdiyyələrin fəaliyyəti haqqında illik məruzəsi ətrafında müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbənin yaratdığı milli birlik və qürur hissi ilə suveren dövlət quruculuğu yolunda inamla irəliləməkdədir:
“Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi tərəqqisinə yönəlmiş genişmiqyaslı islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaratmışdır. Bu strateji xəttə uyğun olaraq 2025-ci ildə də ölkəmizdə bütün sahələri əhatə edən islahatlar uğurla davam etdirilmişdir.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq uğurla icra olunur, Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə yol-nəqliyyat, enerji və sosial infrastruktur qurulur, müasir şəhər və kəndlər salınır, “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlara təhlükəsiz və layiqli qayıdışı təmin edilir ki, bu da regionun sosial-iqtisadi dirçəlişini və dayanıqlı inkişafını şərtləndirir.
Azərbaycan 2025-ci ildə regionun aparıcı dövləti kimi mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini və beynəlxalq nüfuzunu artırmışdır. Avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən Birgə Bəyanatın imzalanması və sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoyaraq davamlı sülh, sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açmışdır.
Onu da diqqətə çatdırım ki, ötən il ərzində Azərbaycan Respublikasının türkdilli ölkələrlə əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksəlmiş, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən yüksəksəviyyəli zirvə və görüşlər, eləcə də ikitərəfli rəsmi səfərlər zamanı siyasi dialoqun dərinləşdirilməsi, nəqliyyat-logistika, enerji, ticarət, müdafiə, təhsil və humanitar sahələrdə strateji əməkdaşlığa dair mühüm razılaşmalar əldə olunmuş, bu da ortaq tarixi-mədəni dəyərlərə əsaslanan birliyin möhkəmlənməsinə və regional inteqrasiyanın güclənməsinə mühüm töhfə vermişdir.
Həmçinin, bu il Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və Əbu-Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin dərinləşdiyini, dövlətimizin qlobal miqyasda sülh, humanizm və multikultural dəyərlərin etibarlı təşviqatçısı kimi mövqeyinin daha da möhkəmləndiyini aydın şəkildə nümayiş etdirmişdir.
Qeyd etmək istəyirəm ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün tamam olması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Sözügedən Sərəncamın icrası çərçivəsində hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, konstitusion dəyərlərin təşviqi, insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm tədbirlər həyata keçirilmişdir ki, bu da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və suveren hüquqların praktik müstəvidə təmin olunmasına xidmət etmişdir.
Konstitusion dəyərlərin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər yerli özünüidarəetmə institutunun hüquqi və institusional əsaslarının güclənməsini təmin etmiş, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, normativ hüquqi aktlara edilən dəyişikliklər və qəbul edilən yeni qanunlar idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional potensialının möhkəmlənməsinə və fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə mühüm töhfə vermişdir”.
Komitə sədri bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunmasından sonra ilk dəfə olaraq 2025-ci ilin yanvar ayında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm mərhələ olub:
“Seçkilərin şəffaf, azad və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə geniş hüquqi-maarifləndirmə tədbirləri həyata keçirilmiş, Nazirliyin rəsmi internet resursları və “Bələdiyyələrlə iş” informasiya sisteminin imkanlarından səmərəli istifadə edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildən etibarən bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması tam elektron mühitə keçirilmiş və ölkə üzrə bütün bələdiyyələrin aktları “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə təqdim olunmağa başlanmışdır. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da bu sistemə inteqrasiyası təmin edilmişdir. Bu yenilik bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının və bununla bağlı inzibati xətaların əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.
Vurğulanmalıdır ki, 2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə yönəlmiş mühüm qanunvericilik təşəbbüsləri müzakirə olunmuş, Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti məcəllələrində, eləcə də bələdiyyə torpaqlarının idarə olunması və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihələri baxılaraq qəbul edilmiş müvafiq Qanunla təsdiqlənmişdir.
Qeyd olunan qanun dəyişikliklərinin praktiki icrasının təmin edilməsi məqsədilə imzalanmış Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2025-ci il tarixli 465 nömrəli Fərmanı və bunun icrası ilə bağlı Nazirlər Kabinetinin 19 avqust 2025-ci il tarixli Sərəncamı normativ-hüquqi aktların uzlaşdırılmasına, yerli özünüidarəetmə və torpaq münasibətləri sahəsində hüquqi mexanizmlərin dəqiqləşdirilməsinə, eləcə də tətbiq prosesində səmərəliliyin və hüquqi müəyyənliyin artırılmasına mühüm zəmin yaratmışdır.
Yerli özünüidarəetmənin davamlı inkişafı naminə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, bələdiyyələrin milli assosiasiyalarının institusional potensialının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində məqsədyönlü addımlar atılmışdır.
Ümumilikdə 2025-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək çox vacibdir.
Sonda qeyd olunanların davamı olaraq, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması məqsədilə bir sıra təkliflərin irəli sürülməsi məqsədəuyğun hesab edilir. Belə ki, bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi, onların gəlir mənbələrinin genişləndirilməsi və maliyyə intizamının artırılması istiqamətində əlavə mexanizmlərin tətbiqi vacibdir. Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları üçün davamlı peşəkar hazırlıq və ixtisasartırma proqramlarının genişləndirilməsi, rəqəmsal idarəetmə alətlərinin tətbiqinin dərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi, ictimai iştirakçılığın və vətəndaş nəzarətinin gücləndirilməsi yerli əhali ilə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcəkdir. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi bələdiyyələrin nüfuzunun artırılmasına və yerli özünüidarəetmənin real inkişafına mühüm töhfə verəcəkdir”.

Seçilən
10
teleqraf.com

1Mənbələr