Hazırda bir çox sahibkarın və vətəndaşın idxal etdiyi məhsullar gömrükdə saxlanılır və ya nəzərdə tutulandan xeyli gec buraxılır. Bu vəziyyət artıq tək-tək hallarla məhdudlaşmır, kütləvi xarakter alıb və sosial şəbəkələrdə, eləcə də ictimai müzakirələrdə ciddi narazılıq doğurur.
Bəs malların bu qədər gecikməsinə və gömrükdə saxlanılmasına səbəb nədir?
Mövzu ilə bağlı Redaktor.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirdi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir:
"Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur. Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur".
Nuriyyə NATİQQIZI