ABŞ Çinlə Tayvan ətrafında mümkün hərbi münaqişə ssenarisi fonunda Avstraliyanın qərbində yerləşən bir adada atom sualtı qayıqları yerləşdirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, Avstraliyanın qərb hissəsində yerləşən Stirling Hərbi-Dəniz Bazası ABŞ Hərbi-Dəniz Qüvvələri üçün strateji üstünlük və “hər hansı gözlənilməz vəziyyət baş verdikdə” sığınacaq rolunu oynaya bilər. ABŞ bu baza ərazisində dördədək atom sualtı qayığı yerləşdirməyi planlaşdırır. İlk sualtı qayığın 2027-ci ildə Avstraliyaya gələcəyi gözlənilir.
Bu addım AUKUS adlı müdafiə alyansı çərçivəsində atılır. Sözügedən alyans Böyük Britaniya, Avstraliya və ABŞ arasında Sakit okean regionunda təhlükəsizlik və hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
WSJ-nin yazdığına görə, hazırda ABŞ-ın atom sualtı qayıqları əsasən Sakit okeandakı Quam adasında yerləşdirilib. Lakin mümkün silahlı münaqişə zamanı Çin bu əraziyə qabaqlayıcı zərbə endirərək ABŞ-ın hərbi obyektlərini sıradan çıxara bilər. Bu baxımdan Avstraliyadakı baza ABŞ üçün daha təhlükəsiz və əlverişli alternativ hesab olunur.
Bundan əlavə, Avstraliyada yerləşdiriləcək sualtı qayıqlar ABŞ-a Çinin əsas dəniz ticarət yollarını nəzarətdə saxlamaq və lazım gəldikdə bloklamaq imkanı verə bilər.
Avstraliya hökuməti Stirling bazasının genişləndirilməsi və modernləşdirilməsi üçün təxminən 5,6 milyard ABŞ dolları investisiya ayırmağı planlaşdırır. Bu vəsait hesabına təlim mərkəzləri, hərbçilər üçün yaşayış binaları, sualtı qayıqlar üçün körpülərin yenidən qurulması, radioaktiv tullantılarla işləmək üçün qurğular və enerji təminatı infrastrukturu inşa ediləcək. WSJ-nin məlumatına görə, ABŞ hərbçiləri üçün ayrıca mənzillər də tikilib.
Qeyd olunur ki, Avstraliya qanunvericiliyi ölkə ərazisində xarici hərbi bazaların daimi yerləşdirilməsinə icazə vermir. Buna görə də ABŞ silahlı qüvvələrinin iştirakı rəsmi olaraq rotasiya əsaslı, müvəqqəti yerləşdirmə kimi təqdim olunur. Bununla belə, gözlənilir ki, Amerika tərəfi öz sualtı qayıqlarını Avstraliya bazasında müəyyən müddət ərzində saxlaya biləcək.