AZ

"Nyukasl"ın zədəli futbolçusu fərdi məşqlərə başladı

BAKI, 9 fevral. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan İngiltərənin "Nyukasl" klubunun futbolçusu Conni Emerson ağır zədədən sonra bərpa prosesinin növbəti mərhələsinə başlayıb.

Teleqraf Britaniya mətbuatına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində dizindən ciddi xəsarət alan 20 yaşlı yarımmüdafiəçi artıq fərdi məşqlərə start verib.

Ötən ilin oktyabrında çarpaz bağlarından əməliyyat olunan vinger, sosial şəbəkə hesabında yaşıl meydançaya qayıtdığını bildirib.

Klubun akademiyasının ən perspektivli üzvlərindən hesab olunan şotlandiyalı futbolçu, UEFA Gənclər Liqasında Fransanın PSJ komandasına qarşı keçirilən oyunda vurduğu qələbə qolu ilə diqqətləri üzərinə çəkmişdi. Emersonun yaxın müddətdə tam formaya düşərək həm gənclər, həm də əsas komandanın heyətinə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, Conni Emerson "sağsağanlar"ın UEFA Çempionlar Liqasının iştirak ərizəsində yer alır.

Xatırladaq ki, "Nyukasl" və "Qarabağ" arasında ilk qarşılaşma fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.

Seçilən
29
teleqraf.com

1Mənbələr