Ürək-damar xəstəliklərindən sonra dünyada ölümün ikinci əsas səbəbi xərçəngdir. Hər il milyonlarla insan bu xəstəlik səbəbindən həyatını itirir. Tibbdə irəliləyişlər olsa da, mütəxəssislər ən vacib addımın xəstəliyə yoluxmamaq olduğunu vurğulayır.
Vətəninfo.az xəbər verir ki, İstanbul Cərrahpaşa Tibb Fakültəsinin Daxili Xəstəliklər və Tibbi Onkologiya üzrə mütəxəssisi Prof. Dr. Nəbi Serkan Demirci bildirib ki, xərçəngin təxminən üçdə biri qarşısı alınabilən risk faktorlardan qaynaqlanır. Buna görə də əsas tədbirlər arasında:
Siqaret və tütün məhsullarından uzaq durmaq – Ağciyər xərçəngi ilə yanaşı, bir çox digər xərçəng növünün qarşısını alır.
Sağlam qidalanmaq və fiziki aktiv olmaq – Həftədə ən az 3 gün, 20-40 dəqiqə sürətli gəzinti və hərəkət xərçəng riskini azaldır.
Spirtli içkilərdən çəkinmək – Döş, qaraciyər və həzm sistemi xərçənglərinin yaranma ehtimalını artırır.
Emal olunmuş qidaları məhdudlaşdırmaq – Sucuk, salam və kolbasa kimi məhsullar həzm sistemi xərçənginə səbəb ola bilər.
Günəşdən düzgün qorunmaq – Xüsusilə yay aylarında dəri xərçəngi riskini azaltmaq üçün günəşin ən güclü saatlarında uzun müddətə məruz qalmamaq vacibdir.
Prof. Dr. Demirci müntəzəm müayinələrin həyati əhəmiyyət daşıdığını vurğulayır. Xüsusilə:
40 yaşdan yuxarı qadınlar hər 1-2 ildən bir mammoqrafiya ilə döş xərçəngi müayinəsindən keçməlidir.
Uşaqlıq boynu xərçəngi üçün ginekoloji müayinə vacibdir.
50 yaşdan sonra yoğun bağırsaq xərçəngi riskini yoxlamaq üçün kolonoskopiya və ya nəcisdə gizli qan testləri tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, xərçəng müalicəsində immunoterapiya ilə uğur nisbəti əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2010-cu ildə irəliləmiş ağciyər xərçəngində 5 ildən çox sağ qalma nisbəti 4% idisə, bu gün bəzi xəstələrdə 30-35%-ə çatır.
Prof. Dr. Demirci həmçinin xəbərdarlıq edib ki, bitki mənşəli məhsulların nəzarətsiz istifadəsi müalicəyə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, təbii olması həmin məhsulların faydalı olduğunu göstərmir və bəzi hallarda immunoterapiyanın effektivliyini azalda bilər.