İtaliyada keçirilən Olimpiya Oyunları etiraz aksiyaları və mümkün terror təhlükəsi ilə müşayiət olunur. ANSA agentliyinə istinadən verilən məlumata görə, İtaliya hüquq-mühafizə orqanları Bolonya yaxınlığında dəmir yolu kabellərinin kəsilməsi hadisəsini terror aktı kimi qiymətləndirir.
Mənbələrin bildirdiyinə görə, Bolonya prokurorluğu xüsusi polis bölməsindən hadisə ilə bağlı məlumat alıb. Hazırda araşdırmalar davam etdirilir, lakin şübhəli şəxslərin kimliyi hələ müəyyən edilməyib.
Qeyd olunur ki, daha əvvəl Bolonya ətrafında yerləşən dəmir yolu xəttində rabitə kabelləri kəsilib. Bundan başqa, digər bir dəmir yolu xəttində əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Hər iki hadisə qatarların hərəkətində ciddi gecikmələrə səbəb olub. İlkin ehtimallara görə, bu əməllər anarxist qruplarla və İtaliyada start götürən Olimpiya Oyunları ilə əlaqəli ola bilər.
Eyni zamanda, Olimpiya Oyunlarına ev sahibliyi edən şəhərlərdən biri olan Milanda da etiraz aksiyaları keçirilir. Fevralın 7-də baş tutan nümayiş zamanı iğtişaşlar baş verib və etirazçılarla polis arasında toqquşmalar yaşanıb.
İtaliyanın baş naziri Corcia Meloni məsələ ilə bağlı açıqlamasında bildirib ki, Olimpiya Oyunlarının uğurla keçirilməsinə mane olmağa çalışan şəxslər ölkənin maraqlarına zidd hərəkət edirlər. Onun sözlərinə görə, “könüllülər də daxil olmaqla, minlərlə insanın əməyi ilə təşkil olunan Olimpiya Oyunlarına qarşı çıxanlar İtaliyanın və italyan xalqının düşmənidir”.
Hazırda təhlükəsizlik tədbirləri gücləndirilib, hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısını almaq üçün fəaliyyətini davam etdirir.