AZ

Rusiya qeyri rus millətindən olanları ön cəbhəyə göndərərək ölkə daxilindəki vəziyyəti dəyişdirməyə çalışırlar

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski “France 2” telekanalına müsahibəsində Rusiyanın Donbası tam ələ keçirməsinin real olmadığını bildirib. Onun sözlərinə görə, Moskvanın bu məqsədə çatması üçün azı iki il vaxt və təxminən 800 min ölü əsgər verməsi tələb olunur. Zelenski vurğulayıb ki, Rusiya cəmiyyəti və ordusu bu qədər uzunmüddətli və ağır itkilərə dözmək gücündə deyil. Prezident qeyd edib ki, Ukrayna ordusunun müqaviməti və Qərbin verdiyi dəstək Rusiyanın planlarını ciddi şəkildə zəiflədir. Bu açıqlama müharibənin uzanmasının Kreml üçün həm hərbi, həm də siyasi baxımdan ağır nəticələr doğuracağını bir daha gündəmə gətirib.Bu proqnoz doğru ola bilərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu proqnozun doğruluq payı nə qədərdir, bunu demək çətindir, çünki hər iki tərəf fərqli fikirlər səsləndirir və bununla dəqiq məlumatlar yoxdur: “Bütün bunlara rəğmən, biz Rusiyanın insan ehtiyatının az olduğunu bilirik. Rusiya insan ehtiyatı az olduğu üçün nəticədə hətta Şimali Koreyada da əlavə dəstək qüvvələri cəlb edirdi. Yəni bu proses onu göstərir ki, təkcə söhbət silah təminatından getmir. İnsan ehtiyatı ilə bağlı da kifayət qədər ciddi problemlər var. Eyni problem, Ukraynada da var. Çünki davam edən müharibə Ukraynada həm ciddi infrastruktur ehtiyatlarının zədələnməsinə səbəb olub, həm də insan ehtiyatının azalmasına gətirib çıxaran bir prosesi özündə ehtiva edilib”.

Zeynal Əmrəliyev

Zeynal Əmrəliyev qeyd edib ki, bütün bunlara rəğmən hər iki tərəf müharibəni davam etdirməkdə bir qədər maraqlıdır: “Rusiya tərəfi, xüsusilə son zamanlarda açıq şəkildə aqressiv hücumlara start verib. Məsələn; Ukraynanın enerji infrastrukturunun ciddi şəkildə hədəfə götürülməsi prosesi bunun sübutu idi. Ancaq müəyyən dərəcədə indi Amerika Birləşmiş Ştatlarının təzyiqi ilə razılaşmaların mövcud olmasını görürük”.

Politoloqun fikrincə, bununla yanaşı Rusiyanın daxilində səfərbərlik çox yüksək səviyyədə həyata keçirilir: “Xüsusilə də qeyri-rus millətlərinin yaşadıqları bölgələrdə insanların toplanması sərt üsullarla həyata keçirilir. Məsələn; Şimali Qafqaz bölgəsində kütləvi şəkildə səfərbərlik həyata keçirilir. Rusiya dövləti bununla eyni zamanda ölkədəki demoqrafik vəziyyəti rusların xeyrinə dəyişdirməyə cəhd göstərir. Buradakı əsas məqsədlərdən biri Rusiya Federasiyasının daxilindəki demoqrafik vəziyyətin dəyişdirilməsidir. Buna görə də maksimum şəkildə qeyri-rus millətindən olanları ön cəbhələrə göndərərək ölkə daxilindəki vəziyyəti dəyişdirməyə cəhd göstərirlər”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
bizimyol.info

1Mənbələr