AZ

“Nyukasl”ın müdafiəçisi Bakıya səfər ərəfəsində narahatdır: “Əvvəllər güc idik, bizdən qorxurdular, indi isə yenilənməyə ehtiyac var”

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı ilk oyunun yaxınlaşması fonunda “Nyukasl” üzərində qara buludlar sıxlaşır. Premyer Liqada komanda ardıcıl dörd matçdır qələbə qazana bilmir və turnir cədvəlində 12-ci pilləyə geriləyib. “Brentford”a 2:3 hesablı məğlubiyyətdən sonra isə təcrübəli müdafiəçi Kiran Trippyer açıq və sərt açıqlama ilə çıxış edib.

İdman.Biz xəbər verir ki, məğlubiyyətdən sonra Kiran Trippyer “Nyukasl” azarkeşlərini komandaya əvvəlki kimi dəstək verməyə çağırıb və eyni zamanda “Qarabağ”la qarşıdakı oyunlara toxunub.

“Şübhə etməyin, biz bunu düzəldəcəyik. Sadəcə çətin dövrdən keçirik. Matçların çoxluğu ilə bağlı bəhanə axtarmıram, çünki biz - futbolçular, azarkeşlər və klub olaraq - Çempionlar Liqasında oynamaq istəyirik. Bütün turnirlərdə iştirak etmək niyyətindəyik, buna görə də mənim tərəfimdən bəhanə ola bilməz. Söhbət yenilənmədən gedir. Beş oyundur qələbə qazanmırıq, amma indi əsas məsələ xarakter, irəli atılan addım və şəxsi məsuliyyətdir – məni də daxil olmaqla”, - deyə Trippyer bildirib.

O əlavə edib ki, fevralın 18-də Bakıya səfərdən əvvəl həlledici məqam yaxın turda “Tottenhem”lə keçiriləcək qarşılaşma ola bilər.

“Biz yenidən qalib gələcəyik. Qarşıda bizi daha bir çətin sınaq gözləyir. Edə biləcəyimiz yeganə şey bərpa olunmaq, baş məşqçini dinləməyə davam etmək və yolumuza davam etməkdir. Qrafik amansızdır, amma biz məhz bunu istəyirdik”, - deyə müdafiəçi fikirlərini davam etdirib.

“Brentford”la oyunu təhlil edən Kiran rəqibin qələbə qolunda günahkar olduğunu da etiraf edib. “Söhbət yenə də bu qolun necə buraxılmasından gedir. Hər oyundan sonra özümü daim təhlil edirəm və üçüncü qola yenidən baxmağa belə ehtiyacım yoxdur - mövqeyimdə deyildim. Burada məsuliyyəti tam üzərimə götürürəm, karyeram boyu etdiyim kimi. Gizlənmirəm və məsuliyyətdən yayınmıram.

Biz məyusuq, xüsusilə də evdə oynayanda, çünki əvvəllər güc idik, təhlükə yaradırdıq. Komandalar bizdən qorxurdu, amma indi yenilənməyə ehtiyac var. Biz işləməyə davam etməliyik. Hər üç gündən bir oynadığın zaman reallıq məhz budur. Biz, futbolçular, məsuliyyəti üzərimizə götürəcəyik və azarkeşlərdən üzr istəyəcəyik”, - deyə K. Trippyer vurğulayıb.

O, həmçinin komandanın formasını yaxşılaşdırmaq üçün nələrin vacib olduğunu da dəyərləndirib. “Bəlkə də bir az özünəinam lazımdır. Qələbə qazanmadığın dövrləri karyeram ərzində dəfələrlə yaşamışam – hələ gənc futbolçu olanda daha təcrübəlilər vəziyyəti nəzarətə götürürdülər. İndi isə bu roldayam və durumu sabitləşdirməliyik. Biz baş məşqçini dinləməyə davam etməliyik. Planı o müəyyənləşdirir, bizim vəzifəmiz isə məsuliyyəti üzərimizə götürüb onu yerinə yetirməkdir. Buraxdığımız qollar bizim günahımızdır və bundan başqa izahı yoxdur”, - deyə Trippyer “Nyukasl”ın rəsmi saytına açıqlamasında fikirlərini yekunlaşdırıb.

İdman.Biz
Seçilən
26
1
idman.biz

2Mənbələr