ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi müasir Azərbaycan tarixində böyük əhəmiyyətə malik anlardan biri idi. Belə ki, o anlar müasir dünyanın ehtiyac duyduğu ən mühüm dəyərlərin — sülhün, tolerantlığın və qarşılıqlı hörmətin təntənəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mötəbər mükafata layiq görülməsi, ölkəmizin illərdir yürütdüyü multikulturalizm siyasətinin və dinlərarası dialoqa verdiyi qlobal töhfənin beynəlxalq səviyyədə təsdiqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" bir daha göstərdi ki, Azərbaycan öz xoşməramlı fəlsəfəsi ilə dünyada etalona çevrilib.
Təqdimolunma mərasimində cənab İlham Əliyevin söylədiyi nitqi dünya medyasının diqqət mərkəzindədir. Prezidentin mərasimdəki çıxışı sadəcə bir təşəkkür nitqi deyil, eyni zamanda münaqişələrdən yorulmuş dünya liderlərinə ünvanlanmış güclü bir həmrəylik və humanizm mesajı idi. Bu nitq çağırış idi.
Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin də adına bir çox dəyərli mükafatlar təsis olunmuşdur. Ümummilli Lider dünyada sülh və əməkdaşlığa ciddi töhfələr vermişdir. Analoji vəziyyət Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed ilə eynilik təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafat, onun uzaqgörənliyini və sülhsevər fəaliyyətini simvolizə edir. Prezident İlham Əliyev öz çıxışında Şeyx Zayedin BƏƏ-ni dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevirən liderlik keyfiyyətlərini yüksək qiymətləndirmişdir.
Bildiyiniz kimi siyasətdə varislik, yalnız əvəzetmə ilə kifayətlənmir. Bu bir bayraq yarışıdır. Özündən öncəki liderin siyasi irsini, mirasını daha da irəliyə aparmaq böyük qabiliyyətdir. Bu məqamda Prezident cənab İlham Əliyevin ən layiqli davamçı kimi öz ölkəsinə və dünyaya verdiyi əvəzsiz töhfələrə görə belə bir böyük mükafatla təltif olunması heç də təsadüfi deyildir. Bu gün Şeyx Məhəmməd tərəfindən də davam etdirilən inkişaf və tərəqqi siyasəti, tarixi köklərə bağlılıqla müasirliyin vəhdətini təşkil edir. BƏƏ-nin təqdim etdiyi bu model — istər sülhyaratma, istər tolerantlıq, istərsə də digər sahələrdə inkişafın Azərbaycan modeli ilə eynilik təşkil edir, eyni dövlət siyasətinə və dövlətçilik fəlsəfəsinə söykənir.
Azərbaycan elə ölkələrdəndir ki, burada dilindən, dinindən və milli, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir insan sülh şəraitində yaşaya bilər və yaşayır. Məscidlərin, kilsələrin və sinaqoqların bərabərhüquqlu olduğu nadir məskənlərdən biridir gözəl ölkəmiz. Prezident cənab İlham Əliyev də bu məqamlara öz çıxışında toxunmuşdur. Humanizmin və dinlərarası dialoqun inkişafında dini liderlərin rolu əvəzsizdir. Prezident İlham Əliyev öz çıxışında Əl-Əzhərin Böyük İmamı doktor Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya xüsusi minnətdarlığını bildirmişdir. Onların sivilizasiyaların bir-birinə yaxınlaşması istiqamətində göstərdiyi səylər, dini fərqliliklərin qarşıdurma deyil, zənginlik mənbəyi olduğunu sübut edir.
Hər bir Azərbaycan vətəndaşı və dünyada yaşayan çoxmilyonlu azərbaycanlılar kimi, cənab Prezidentin dünya ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qəbul olunması bizləri də sevindirir. Azərbaycan yalnız döyüş meydanlarında deyil, eyni zamanda sülh və əməkdaşlıq plaformalarında öz sözünü deyənən, gücünü əyani nümayiş etdirə bilən ölkələrdəndir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam” ifadəsi yada düşür. Əminik ki, ölkəmiz daha böyük uğurlara imza atacaqdır.
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.