AZ

Siyasi qadağası olan Ərdoğan Azərbaycana necə dəvət edilib? - Keçmiş səfir sirrləri açır-MÜSAHİBƏ

Məmməd Əliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xarici ölkədə təyin olunan ilk səfirlərimizdəndir. Bu gün strateji müttəfiq səviyyəsində olan Azərbaycan-Türkiyə münasibətlərində əldə etdiyimiz saysız uğurlarda onun intensiv fəaliyyətləri inkarolunmazdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Türkiyədə ilk səfiri olmaq kimi tarixi məsuliyyəti üzərinə götürməzdən öncə isə o, akademik dairələrdə fizika elminin nüfuzlu alimlərindən biri kimi tanınınırdı.

Professor Məmməd Əliyev 1970-ci illərdə Fransada Nobel mükafatı laureatı Alfred Kastlerin laboratoriyasında tədqiqatlar apararaq maqnit rezonansı sahəsində dəyərli elmi işlər həyata keçirmişdi.

“Yeni Sabah”a müsahibəsində Məmməd Əliyev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Türkiyədə ilk səfiri kimi fəaliyyətilə bağlı suallarımıza cavab verib.

Elmi nailiyyətlər və diplomat kimi seçilməsi

- Məmməd müəllim, 1992-ci ilə qədər adınız elmi ictimaiyyətə məlum olsa da, geniş ictimaiyyət Sizi Türkiyədə səfir vəzifəsinə təyinatınızdan sonra tanıdı. Hansı faktor aktv elmi tədqiqatlarla məşğul olan bir alimin səfir vəzifəsinə təyin edilmənizdə təsiredici oldu?

- 1992-ci ildə avqust ayında sətir təyin ediləndə Tibb Universitetində kafedra müdiri vəzifəsində çalışırdım.

1971-1972 illərdə Fransada, Parisdə Nobel mükafatı laureatı akademik Alfred Kastlerin laboratoriyasında uzun müddətli ezamiyyətdə olmuşdum.

Ezamiyyətdən geri dönərkən uşaqlıqdan görməyi arzuladığım İstanbulda olmaq üçün gəmi ilə qayıtdım və 1972-ci ilin avqustunda 5 saat bu şəhərdə oldum.

1991-ci ildə İzmir Ege Universitetinin dəvəti ilə 1 ay maqnit rezonansı üzrə orada mühazirələr oxudum.

Tovuz rayonunda almanların qurduğu şəhərçikdə böyüdüyümə görə uşaqlıqdan almanca, rusca sərbəst danışırdım və sonradan ingilis, fransız dillərini dərindən öyrəndim, Grenoble universitetindən, Azərbaycan Xarici Dillər Universitetindən qırmızı diplomlar aldım.

Hesab edirəm ki, bu faktlara görə hörmətli Tofiq Qasımov namizədliyimi təklif etmişdi.

- Sizdən gözləntilər nələr idi?

- İlk işim orada səfirlik qurmaq idi. Mənimlə bərabər İsmayıl və Əhməd adlı iki nəfər də səfirliyimizin əməkdaşı kimi getmişdi. Ədəbiyyat alimi idilər. Biri müsavatçı, digəri cəbhəçi idi. Gənc olduqları üçün bəzən protokola fikir vermirdilər, siyasətə çox qarışırdılar. Onlara anladırdım ki, bizim vəzifəmiz ilk növbədə səfirliyi qurmaq, sonra isə ölkəmizin mənafelərini hərtərəfli müdafiə etməkdir. Hakimiyyət dəyişəndə onları geri çağırdılar.

Türkiyədə diplomatik əlaqələrin gücləndirilməsi

O vaxtlar maddi imkanımız çox olmadığı üçün Türkiyə hökuməti başda rəhməlik Süleyman Dəmirəl cənabları olmaqla bizə hərtərəfli yardım etdilər. Səfirliyə ayrılmış büdcə ilə maşın alınana qədər bizi Lincoln maşını və sürücü ilə təmin etdilər.

Fransada işlədiyim illərdən tanıdığım qədim və əziz dostum Zəki Yağlı var. Ekole Polytechnique-ni (Fransanın mühəndislik sahəsində bakalavr, magistr və doktorantura səviyyələrində təhsil verən ali təhsil müəssisəsi) bitirib. Zəki bəy özünün uşaqlıq dostu, Koç Holdingin rəhbərlərindən olan İnan Kıraçdan xahiş elədi, istifadə etməm üçün mənə bir Fiat Tempra maşını bağışladılar. Mən də onu səfirliyimizin adına rəsmiləşdirdim.

Türkiyədə ilk günlərimiz əlaqələr yaratmağa, səfirliyin fəaliyyətini qurmağa getdi. O vaxt əsas əlaqə telefon və faksla idi, sağ olsun, Türkiyə hökuməti bunlarçün bizə çox yardım etdi.

O vaxt iqtisadiyyat naziri olan Tansu Çillərlə görüşümüz çox gec baş tutdu. Tansu xanım çox simpatik qadındı. Görüş üçün vaxt aldım, getdim 20 dəqiqəyə qədər gözlədim. Gördüm görüş gecikir. Soruşdum ki, yanında kim var? Dedilər ki, Fatma Girik (məhşur kinoaktrisa).

20 dəqiqədən sonra qalxdım ayağa, təşəkkür edərək dedim ki, Tansu xanıma deyin, səfirlikdə işim var. Bu bir inciklik deyildi, dövlətimizə qarşı münasibətə cavab idi.

Həm də o illərdə mən həqiqətən çox intensiv çalışırdım. Azərbaycanda müharibə gedirdi axı... Mətbuatla mütamadi görüşlər keçirirdim.

Tansu Çillər daha sonra arxamca sürücüsünü göndərdi və beləliklə, görüşümüz maraqlı və yaddaqalan oldu. Sonralar Bilkənt rezidensiyalarında Tansu xanımla qonşu da olduq.

- O vaxtlar həm xarici təcavüzə məruz qalmış, həm də daxili çaxnaşmalara meydan olan Azərbaycana Türkiyədə münasibət necə idi?

- 1990-cı illərdə Türkiyədə parlamentar sistem idi və əsas rəhbər Baş nazir idi.

O dövrdə Baş nazir rəhmətlik Süleyman Dəmirəl, xarici işlər naziri Hikmət Çətin idi. Cənab Hikmət Çətin Ankaraya gəldiyim gün məni qəbul etdi.

Sabahısı günü, sentyabrın sonuncu bazar günü olmasına baxmayaraq, Baş nazir rəhmətlik Süleyman Dəmirəl cənabları ilə görüşdüm. Bu təcili qəbullar Azərbaycana Türkiyə rəhbərliyi tərəfindən böyük diqqətin, hörmətin olduğunu göstərirdi.

Baş nazir Süleyman Dəmirəl cənabları və onun nazirləri sonralar imkanları daxilində ölkəmizə, xüsusən blokadada olan Naxçıvana hərtərəfli yardımlarını heç vaxt əsirgəmədilər.

Hökumətlə bərabər, o vaxtkı parlamentar sistemdə Türkiyə Cümhuriyyətini qurmuş Şanlı Türkiyə ordusunun komandanları da ölkənin əmin-amanlığında vacib rolu vardı.

Baş nazirlə, xarici işlər naziri ilə görüşdən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Doğan Güreşlə görüşdüm. Türkiyədə gənc Azərbaycan zabitlərinin yetişməsində dəstəyini rica etdim. Rəhmətlik Doğan Güreş paşa, əziz dostum ordu generalı İsmayıl Hakkı Karadayı paşa, Hüseyn Kıvrıkoğlu paşa, Hilmi Özkök paşa, dostum Yaşar Büyükanıt paşa - hamısı gənc zabitlərimizin təhsilində, yetişməsində, ordumuzun qurulmasında köməklərini heç vaxt əsirgəmədilər.

Rəhmətlik Doğan Güreş ilə ilk görüşümüzdə Bakıda məktəb açmış fətullahçılara çox ehtiyatlı yanaşmağımızı söyləmişdi. Mən bu fikri təcili faksla ölkəmizin Prezident Aparatı və Xarici İşlər Nazirliyinə çatdırdım. Onların qurduğu yataqxanaları ciddi nəzarətə almağı rica etdim.

Əbülfəz Elçibəydən sonra Heydər Əliyevin etimadı

- Hakimiyyət dəyişikliyindən sonra Ankarada səfir işləməyə davam etdiniz. Halbuki Elçibəyin dövründə təyin olunan kadrlar arasında bir çoxları var idi ki, vəzifələrindən azad olunmuşdular. Heydər Əliyev Sizinlə işləməyə davam edəcəyini necə dedi?

- Rəhmətlik Heydər Əliyev cənabları hələ Naxçıvanda işləyəndə görürdü ki, muxtar respublika üçün əlimdən gələni edirəm.

Naxçıvan Baş nazirinin, kənd təsərrüfatı nazirinin və digər hökumət nümayəndələrinin Ankarada görüşlərinin təşkilində, Naxçıvana taxıl, yanacaq yardımının çatdırılması üçün əlimdən gələni edirdim.

1992-ci ilin dekabrında Heydər Əliyevin özü də Türkiyəyə gəlmişdi. Yenə də əlimdən gələn hər cür dəstəyi verdim. O vaxt köməkçisi Bəylər Eyyubov da yanında idi. Ulu Öndər Naxçıvan üçün elədiklərimə görə müsbət fikirlərini də söyləmişdi.

Heydər Əliyevlə növbəti görüşümüz 1993-cü ilin aprelində Turqut Özalın vida mərasimi üçün gəldiyində olmuşdu.

Hakimiyyət dəyişəndən sonra Ulu Öndərə zəng elədim. Dedim, cənab Prezident, bir neçə universitetdən mənə təklif var. Uyğun görürsünüzsə, davam edim, uyğun görmürsünüzsə, etimad etmirsinizsə, mən gedə bilərəm.

Görünür, 1992-ci ilin dekabrında və 1993-cü ilin aprelində keçirdiyimiz görüşlərdə etmad yaranmışdı. Heydər Əliyev böyük dövlət adamı idi. İnsanları yaxşı tanıyırdı. Dedi ki, sən işinə davam et.

- Müstəqilliyinin bərpasından sonra Azərbaycanın Türkiyədə ilk və ən uzunmüddətli səfiri olmuşunuz. Həmin dövrdə bir çox xarici dövlətlərin Azərbaycandakı səfirlikləri “qeyri-rezident” statusu ilə Moskvadan fəaliyyət göstərirdi. Sonrakı illərdə isə bu qeyri-rezident səfirliklərin idarəetmə mərkəzi, coğrafi baxımdan dəyişərək Türkiyə paytaxtına köçürüldü. Bu prosesin Azərbaycanın xarici siyasəti üçün əhəmiyyəti nə idi?

- Rəhmətlik Prezident Turqut Özala etimadnaməmi təqdim edəndə mənə təklif etdi ki, ODTÜ-də (Orta Doğu Teknik Universiteti) maqnit rezonansı üzrə mühazirələr oxuyum. Dedim, cənab Prezident, buna imkanım olmayacaq. Çünki məqsədim Ankarada bəsit bir səfirlik yox, bir diplomatik mərkəz qurmaqdır. Həqiqətən də elə oldu. 30-a yaxın ölkənin Ankaradakı səfiri, eyni zamanda Azərbaycana da akkreditasiya olaraq ölkələrinin Bakıdakı təmsilçiləri oldular. Beləliklə, Ankarada Azərbaycanla bağlı bir diplomatik korpus yarandı. Rusiya mətbuatı, indiki kimi, o zaman da, Azərbaycanın əleyhinə yazırdı. Avropa diplomatları da öz dövlətlərində bu məlumatlar üzərindən Azərbaycan haqqında təəssürat formalaşdırırdı. Ona görə də xüsusilə İsveç, Polşa, İspaniya, Yunanıstan səfirləri ilə yaxın dostluq əlaqələri quraraq, onların ölkələrinin Moskvadakı səfirlərini əvəz etmələrinə nail olduq.

Siyasi qadağaları olan Ərdoğan Azərbaycana necə dəvət edildi?

- Rəcəb Tayyip Ərdoğanın Azərbaycana ilk dəfə Ədalət və İnkişaf Partiyasının (AK Parti) lideri kimi səfər etmişdi...

- Elədir. O vaxt Ərdoğan heç millət vəkili də deyildi...

- Bir ölkənin əsas müxalifət partiyası liderini dövlət səviyyəsində Azərbaycana dəvət etmək gələcək üçün önəmli strateji dəyərləndirmə idi? Ümumiyyətlə, Türkiyə müxalifəti ilə bu səviyyədə niyə əməkdaşlıq edilirdi?

- Çünki Rəcəb Tayyib Ərdoğanın partiyası parlament seçkilərində qalib gələrək faktiki olaraq təkbaşına iqtidar olmuşdu. Hələ seçkilərdən öncə cənab Prezident Heydər Əliyevə zəng etdim, dedim Ərdoğan qalib gələcək və 20 il hakimiyyətdə olacaq. İcazə verin, seçkilərdən sonra onu ölkəmizə dəvət edək Sizin adınızdan. Ulu Öndər dedi ki, dəvət elə. O, çox uzagörən dövlət adamı idi.

Rəcəb Tayyib Ərdoğan seçkilərdə təkbaşına qalib gəldikdən sonra MDB ölkələri səfirlərinin duayeni kimi 11 səfiri yığdım, getdik onu təbrik etməyə. Biz bir çay içib dönəcəyimizi düşünmüşdük. Bizə yemək verdi. Elə yemək əsnasında dedim, Sizi Prezidentimiz Heydər Əliyev cənabları Azərbaycana dəvət edir. O da təəccüblə dedi ki, mən hələ heç parlament üzvü deyiləm, Baş nazir deyiləm. Hansı statusla dəvət olunuram? Dedim, biz bilirik ki, millət vəkili də olacaqsınız, Baş nazir də. Amma bizim prezidentimiz sizi bunlar olmadan qalib partiyanın sədri kimi Azərbaycana dəvət edir. O da söz verdi ki Azərbaycana gedəcəyəm.

- Ərdoğanın hansı xüsusiyyətləri, siyasi mübarizəsində hansı müşahidələriniz rəsmi vəzifəsi olmayan, üstəlik siyasi qadağaları olan müxalif siyasətçini dövlət səviyyəsində Azərbaycana dəvət etmə təklifini etmənizə əsas vermişdi?

- Türkiyədə kifayət qədər müddət idi işləyirdim. Artıq 10 il idi ki, Türkiyədə səfir idim. Səfirin cəsarətli olması üçün prezidenti onu dəstəkləməli, inanmalı, etibar etməlidir. Hesab edirəm ki, bu dəstəyi, etibarı işimin nəticələri ilə qazanmışdım.

Ərdoğan çox populyar adam idi. İlk növbədə İstanbulda uğurlu bələdiyyə başçılığı etmişdi. Bundan başqa, dinamik, enerjili və yüksək natiqlik qabiliyyəti olan Rəcəb Tayyib Ərdoğanın qarşısında bir-birinin ardınca uğursuz hökumət koalisiyalarından sonra paramparça olmuş müxalifət vardı. Artıq yaşlanmış Bülent Ecevit də ağır xəstə idi.

Siyasi prosesləri fizik kimi təhlil edəndə belə fikrə gəldim ki, onu mütləq Azərbaycana dəvət etmək lazımdır. Amma təbii ki əsas qərar prezident Heydər Əliyevin idi. Əsas qərarı verən o idi. O da uzaqgörən dövlət adamı kimi təklifimi dəstəklədi. Ərdoğanın Azərbaycana bu ziyarəti çox böyük nəticələr verdi.

- Danışıqlarda hansı məsələlər müzakirə edilmişdi?

- Bəzi məsələlər var ki, mənimlə o tərəfə getməlidir, onu deyə bilmərəm. Artıq təqaüddə olan səfirəm. Çalışıram ki, mümkün qədər siyasətə qarışmayım.

- Məmməd müəllim, uzun illərin intensiv elmi və diplomatik fəaliyyətindən sonra hazırda nə ilə məşğulsunuz?

- İndi təqaüddəyəm. Övladlarım, nəvələrimlə vaxt keçirirəm.

Bundan başqa, elmi təhsil fəaliyyətimi davam etdirərək Bakı Dövlət Universitetinin Bərk Cisimlər kafefrasında ifrat keçiricilik və maqnit rezonansının önəmli məsələlərinin tədqiqatı sahəsində tələbələr, magistrlar hazırlayıram.

22 yaşında Kazan Universitetində dərs demişəm. Ən böyük nailiyyətim budur mənim. 27-28 yaşımda Nobel mükafatı laureatı Alfred Kastlerin qrupu ilə əməkdaşlıq etmişəm. O vaxt Sovet İttifaqı imkan versəydi, bəlkə də Alfred Kastlerdən sonra Nobel mükafatı alan qrupda mən də ola bilərdim. Alferd Kastler SSRİ-nin ali təhsil naziri Vyaçeslav Yelyutinə məktub yazaraq Fransada qalma müddətimi uzatmalarını istəmişdi. Alfred Kastlerin məktubu sayəsində Yelyutin daha 3 ay da Parisdə çalışmağıma icazə verdi. Təxminən ilyarım Fransada qaldıqdan sonra vətənə qayıtmalı oldum.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
68
yenisabah.az

1Mənbələr