AZ

İŞĞALÇI RUSİYA ORDUSUNDA AÇIQ BAZARDIR Ukraynaya qarşı səfərbərliyin dəhşətli üzü

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

“Bu, pulun həyat üzərində hökm sürdüyü, ölümün tarifləşdirildiyi, rüşvətin idarəetmə alətinə çevrildiyi bir sistemdir”

Rusiyada “xüsusi hərbi əməliyyat” (SVO) getdikcə hərbi kampaniyadan çox, insan həyatının açıq şəkildə alınıb-satıldığı korrupsiya hərracını xatırladır. Pul ödəyə bilənlər hücum bölmələrindən yayınır, arxa cəbhəyə keçirilir, məzuniyyət alır və ya “xəstə” elan olunur. Ödəyə bilməyənlər üçün isə seçim sadədir: ya hücuma gedirsən, ya da təzyiq və ölüm riski ilə üz-üzə qalırsan.

“AzPolitika” bildirir ki, bu faktlar jurnalist Mumin Şakirovun “Gərgin zamanlar” proqramında “Silahla sağ ol!” (“Прощай, оружие!”) təşkilatının koordinatoru, keçmiş peşəkar hərbçi Aleksandr Sterlyadnikov və “Conflict Intelligence Team” (CIT) nümayəndəsi Aleksey Alşanski ilə müzakirələr zamanı üzə çıxıb.

Rüşvət istisna yox, normadır

Araşdırmalar göstərir ki, Rusiya ordusunda rüşvət və reket epizodik hal deyil, tam formalaşmış sistemdir. Pul birbaşa hərbçinin hansı bölmədə xidmət edəcəyini, döyüşə gedib-getməyəcəyini, tibbi yardım alıb-almayacağını, məzuniyyət və ya ezamiyyət əldə edib-etməyəcəyini, hətta sağ qalmaq şansını müəyyən edir.

Hərbi hissələrdən və cəbhənin müxtəlif istiqamətlərindən daxil olan məlumatlar eyni sxemlərin təkrarlandığını göstərir. Bu sxemlərdə aşağı rütbəli zabitlər, batalyon və briqada komandirləri, vasitəçilər və “məsələ həll edənlər” iştirak edir. Pul zəncir üzrə yuxarı ötürülür və hər mərhələdə paylanır.

Qiymət cədvəli: canın bazar dəyəri

Hərbçilərin və dezertirlərin ifadələrinə görə, “tariflər” təxminən belədir:

- Hücum bölməsindən çıxmaq və ya döyüş xəttindən uzaqlaşdırılmaq - 700 min - 3 milyon rubl;

- Arxa bölməyə keçid, məzuniyyət, tibbi sənədlər - 100 -300 min rubl;

- Saxta xəstəlik arayışı və “ezamiyyət” - 150-200 min rubl;

- Döyüş və yaralanma ödənişlərindən müntəzəm tutulmalar - 10 faizdən 50 faizə qədər.

Beləliklə, dövlətin ödədiyi kompensasiyalar belə yenidən komandir heyətinin cibinə qayıdır.

Pul verməyənlər üçün təzyiq mexanizmi

Rüşvət ödəməkdən imtina edən hərbçilər isə daha ağır və təhlükəli xidmət şəraitinə salınır, həmlə bölmələrinə göndərilir, yaxud birbaşa hədələrə məruz qalır, bəzən də fiziki zorakılıqla üzləşir.

Eyni zamanda, orduda hüquqi müdafiə mexanizmləri faktiki olaraq işləmir. Komandirlərin qanunsuz hərəkətləri ilə bağlı şikayətlər ya qəbul edilmir, ya da formal şəkildə bağlanır. Bu isə rüşvəti yeganə çıxış yoluna çevirir.

Xüsusilə ağır vəziyyətdə olanlar yaralanmış hərbçilərdir. Onlar tibbi yardım almaq, sağlamlıq vəziyyətinə görə məzuniyyət,

döyüş zonasından çıxarılmaq üçün belə pul ödəməyə məcbur qalırlar. Hüquq müdafiəçiləri bildirir ki, Rusiyada repressiyaların sərtləşməsi fonunda orduda rüşvət idarəetmənin ayrılmaz hissəsinə çevrilib.

“Hərbçilər faktiki olaraq təhkimçilikdədir”

Aleksandr Sterlyadnikovun sözlərinə görə, problemin kökü hərbçilərin hüquqi statusundadır. Hazırda Rusiya ordusundan rəsmi şəkildə yalnız üç halda azad olmaq mümkündür: 65 yaş həddinə çatdıqda; hərbi-həkim komissiyasından keçdikdə; hərbçi barəsində cinayət işi açıldıqda.

Bu isə o deməkdir ki, hərbçi faktiki olaraq dövlətin əlindədir və orduda geniş korrupsiya sistemi üçün münbit zəmin yaranıb. Sterlyadnikov vurğulayır ki, bu mexanizm general səviyyəsindən başlayaraq aşağı pillələrə qədər uzanır.

Müsahiblərin fikrincə, kadr zabitinin müqaviləli və ya səfərbər edilmiş əsgərdən daha çox “yaşamaq hüququ” yoxdur. Hər şey onun orduda nə qədər “işə yararlı” olmasından asılıdır.

Əgər zabit pilotsuz uçuş aparatlarını idarə etməyi bacarırsa,

rabitəni sazlayırsa, xəritələr üzərində marşrut planlaşdırırsa, o zaman müəyyən qədər qorunur. Amma Sterlyadnikovun sözlərinə görə, zabitlərin təxminən 90 faizi real olaraq lazım deyil və istənilən an həmlə qruplarına göndərilə bilər.

“Təmizləmə” yox, günah keçisi

Rusiya ordusunda korrupsionerlərin cəzalandırılması da sistemin mahiyyətini dəyişmir. Əksər hallarda yuxarıda qərar verənlər deyil, xırda icraçılar - “oxatanlar” həbs edilir. Sistem isə olduğu kimi qalır və özünü məhz korrupsiya hesabına saxlayır.

CIT nümayəndəsi Aleksey Alşanski bildirir ki, Rusiyada müqavilə imzalamağa məcburetmə xüsusilə kasıb regionlarda və kənd yerlərində aparılır. Alkoqol asılılığı olan, işsiz, sosial baxımdan zəif insanlar faktiki olaraq “toplanır”.

Bu prosesdə təkcə hərbi strukturlar yox, güc orqanları, hətta İstintaq Komitəsi əməkdaşları belə iştirak edir. Qeydə alınmış hallardan birində istintaq orqanlarının maşınları ilə kəndləri gəzərək insanları şöbələrə aparıb təzyiq altında müqavilə imzalatdırıblar.

Dezertirlərin ifadələrinə əsasən, ən çox rast gəlinən fakt budur: demək olar ki, hamı hücuma getməmək üçün hansısa formada pul ödəyib.

Ordunu tərk etmək istəyənlər isə rəsmi sənədlər olmadan, qeyri-rəsmi “icazələr” alır. Məzuniyyət, xəstəlik vərəqəsi, hospitala göndəriş – hamısı alver predmetinə çevrilib.

Rusiya ordusunda təminatın acınacaqlı vəziyyəti rüşvətə başqa forma da verib. Bəzi hallarda hərbçilər pul əvəzinə maddi vəsait alır, texnika, xüsusilə kvadrokopterlər alıb bölməyə təqdim edirlər. Bu isə faktiki olaraq həyatın texnika ilə dəyişdirilməsi deməkdir: dron ver - hücuma getmə.

Şikayət mexanizmi kağız üzərindədir

Formal olaraq hərbçilər hərbi istintaq orqanlarına və prokurorluğa müraciət edə bilər. Amma Alşanskinin sözlərinə görə, praktikada heç kim gəlmir və heç nə araşdırılmır.

Səbəb isə sadədir: hərbi hissələrdə fəaliyyət göstərən FSB əməkdaşlarının və istintaq qurumlarının KPI - aylıq “planları” var. Rüşvət halları yalnız təsadüfən bu planlara düşərsə, hansısa nəticə ola bilər.

Ortaya çıxan mənzərə onu göstərir ki, Rusiya ordusunda SVO artıq hərbi əməliyyat olmaqdan çıxıb. Bu, pulun həyat üzərində hökm sürdüyü, ölümün tarifləşdirildiyi, rüşvətin idarəetmə alətinə çevrildiyi bir sistemdir.

Bu sistemdə pulun varsa, yaşamaq şansın var, pulun yoxdursa, hücum səni gözləyir. Və ən təhlükəlisi odur ki, bu mexanizm dağılmır, əksinə, müharibə uzandıqca daha da möhkəmlənir.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
azpolitika.info

1Mənbələr