AZ

Fevralın sonunda səmada nadir astronomik hadisələr müşahidə olunacaq

Fevralın sonunda səmada nadir astronomik hadisələr müşahidə olunacaq

Fevral ayının sonunda kosmos həvəskarları səmada eyni anda bir neçə maraqlı hadisəni, o cümlədən Ayın Yupiterlə yaxınlaşmasını və nadir planetlər paradını izləyə biləcəklər.

AFN.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Rusiya Dövlət Kosmonavtika Tarixi Muzeyinin elmi işçisi Aleksandr Alekseyev verib.

Fevralın 27-də Ay Yupiter planetinin yaxınlığından təxminən 5 dərəcəlik məsafədə keçəcək. Bu cür yaxınlaşmalar səmada çox estetik görünür və adətən astrofotofrafların böyük marağına səbəb olur. Həmin vaxt Ay Əkizlər (Gemini) bürcündə yerləşəcək və Yupiterin parlaqlığı sayəsində hadisəni adi gözlə, durbin və ya teleskopla aydın görmək mümkün olacaq.

Fevralın 28-də isə daha nadir bir hadisə — planetlərin böyük paradı baş tutacaq. Səmada gün batandan dərhal sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun bir xətt üzrə düzüləcək. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, Bakı vaxtı ilə saat 19:10-dan 20:30-dək bu hadisəni müşahidə etmək üçün ən əlverişli vaxt hesab olunur.

Venera, Yupiter və Saturn kifayət qədər parlaq olduğu üçün asanlıqla görünəcək. Merkuri üfüqə çox yaxın yerləşdiyindən onu görmək üçün dənizkənarı və ya açıq ərazilər tövsiyə olunur. Uran və Neptunu isə yalnız teleskop və ya güclü durbin vasitəsilə görmək mümkün olacaq.

Fevral ayı həmçinin ən parlaq qış bürclərini müşahidə etmək üçün ideal zamandır. Gün batandan sonra cənub səmasında Buğa (Taurus), Orion, Əkizlər və Böyük Köpək bürcləri özünün ən yüksək nöqtəsinə çatır. Buğa bürcündə Yer kürəsindən 65 işıq ili məsafədə yerləşən qırmızı nəhəng — Aldebaran ulduzu və Ülkər (Pleyadalar) ulduz topası xüsusilə diqqət çəkir.

Seçilən
55
afn.az

1Mənbələr