Yüksək qan təzyiqi (hipertoniya) “səssiz qatil” kimi tanınır və dərmanlarla nəzarətdə saxlamaq mümkündür.
E-saglam.az xəbər verir ki, amma həkimlər xəbərdarlıq edir ki, bəzi qidalar və içkilər dərmanların təsirini zəiflədə, hətta təhlükəli səviyyədə artıraraq sağlamlığı riskə ata bilər.
Mütəxəssislərin ən çox vurğuladığı problem meyvə şirələridir. Qreypfrut suyu bədənin dərmanları parçalamağa kömək edən fermentləri bloklayır və dərmanın təsirini təhlükəli şəkildə gücləndirə bilir. Eyni zamanda alma və portağal şirələri də dərmanların udulmasını azaldır.
Spirt qan təzyiqi dərmanları ilə birlikdə xüsusilə təhlükəlidir. Beta-bloker və ACE inhibitoru qəbul edənlərdə spirt qəfil təzyiqin düşməsinə, başgicəllənməyə və ürək döyüntülərinin pozulmasına səbəb ola bilər. Üstəlik spirt özü təzyiqi artırır.
Qəhvə və çay da təsirsiz deyil. Həkimlər bildirir ki, hipertoniya xəstələri gündə maksimum 400 mq kofein qəbul etməlidir. Artıq kofein dərmanların təsirini zəiflədir.
Bitki çayları içində ən riskli olan biyan kökü çayıdır. Tərkibindəki qlisirrizin bədənin natrium saxlamasına, kalium itirməsinə səbəb olur və təzyiq dərmanlarının təsirini pozur. Nəticədə təzyiq sürətlə qalxa bilər.
Bəzi məşhur bitki əlavələri də təhlükə yaradır — Müqəddəs İohann dərmanı, jenşen, yüksək dozalı yaşıl çay ekstraktları qaraciyərin dərmanları emal etmə mexanizmini dəyişdirir və ciddi ürək ritm pozğunluqları yarada bilər.
“Sağlamdır” deyə seçilən tərəvəz şirələri belə problem yarada bilər. Marketdə satılan tərəvəz şirələri çox vaxt duzla zəngindir və bu duz xüsusilə diuretik dərmanların təsirini tamamilə sıfırlayır.
Tərcümə: Könül Oruc
E-saglam.az