AZ

Faydalı ola bilərəm: Epşteyn Putinlə əlaqə yaratmağa çalışıb - CNN

ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan sənədlər göstərir ki, maliyyəçi Ceffri Epşteyn illər ərzində Rusiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən ölkə rəhbəri Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Rusiya elitasının digər nümayəndələri ilə yaxınlaşmağa çalışıb...

Poliqon xəbər verir ki, bu barədə CNN yazır.

Rusiya diplomatları ilə yazışmalar

Materiallara görə, Epşteyn 2017-ci ildə vəfat edən Rusiyanın BMT-dəki sabiq daimi nümayəndəsi Vitali Çurkinlə mütəmadi əlaqə saxlayıb. Sənədlərdə qeyd olunur ki, Çurkin Nyu-Yorkda Epşteynlə görüşüb, maliyyəçi isə onun oğluna maliyyə sektorunda iş tapmaqda kömək təklif edib.

2018-ci ilin iyununda Epşteyn Avropa Şurasının o zamankı baş katibi Torbyorn Yaqlanda elektron məktub göndərərək, Sergey Lavrov vasitəsilə Vladimir Putinə əlaqə qurmağa hazır olduğu barədə mesaj ötürməyi təklif edib.

"Düşünürəm ki, siz Putinə təklif edə bilərsiniz ki, Lavrov mənimlə danışaraq məlumat ala bilsin. Vitali Çurkin bunu əvvəllər edirdi, amma o, vəfat edib?!", deyə Epşteyn yazıb.

Yaqland cavabında Lavrovun köməkçisi ilə görüşəcəyini və bu məsələni qaldıracağını bildirib.

Putinə çıxış əldə etmək cəhdləri

Sənədlərdə 2013–2014-cü illərə aid yazışmalar da yer alır. Həmin yazışmalarda Epşteyn dəfələrlə Putinlə şəxsən görüşmək istədiyini bildirib. O, Rusiyaya Qərb investisiyalarının cəlb edilməsi məsələlərində "faydalı ola biləcəyini" iddia edib və uzunmüddətli, məxfi danışıqlarda israr edib.

Epşteyn İsrailin sabiq baş naziri Ehud Baraka yazdığı məktublarda Yaqlandın Soçidə Putinlə görüş planlaşdırdığını qeyd edib və guya Rusiya liderinə öz "faydalılığı" barədə mesaj ötürməyi təklif edib. Lakin sənədlərdə belə bir görüşün baş verdiyini təsdiqləyən məlumat yoxdur.

Dərc olunmuş materialların fonunda Norveçin istintaq orqanı Okokrim Torbyorn Yaqland barəsində araşdırmaya başladığını elan edib. Onun vəkili bildirib ki, siyasətçi istintaqla əməkdaşlıq edəcək və hər hansı qanun pozuntusunu inkar edir.

Reaksiya və beynəlxalq şübhələr

Yeni sənədlərin dərc olunması Epşteynin mümkün motivləri ilə bağlı spekulyasiyalara səbəb olub. Polşanın baş naziri Donald Tusk Varşavanın Epşteynin Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələrini araşdırmağa başlayacağını bəyan edib.

"Getdikcə daha çox məlumat bu misilsiz pedofiliya qalmaqalının Rusiya kəşfiyyat xidmətləri tərəfindən təşkil edilmiş ola biləcəyi şübhəsini gücləndirir", deyə Tusk bildirib.

Kreml bu iddiaları rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Epşteynin Rusiya kəşfiyyatı ilə əməkdaşlığı barədə versiyanı "ciddi olmayan" adlandırıb və jurnalistləri "vaxt itirməməyə" çağırıb.

CNN-in sorğu keçirdiyi analitiklər bildiriblər ki, sənədlər Epşteynin özünü nüfuzlu beynəlxalq vasitəçi kimi təqdim etmək cəhdlərini göstərir, lakin Kreml ilə real əlaqələrini təsdiqləmir.

FSB ilə əlaqəli şəxslərlə təmaslar

Sənədlərdə Epşteynin Rusiya rəsmisi Sergey Belyakovla sıx münasibətləri də qeyd olunur. TASS-ın məlumatına görə, Belyakov FSB Akademiyasının məzunudur. Epşteyn onu "çox yaxşı dost" adlandırıb və Qərb investorlarını onunla tanış etməyi təklif edib.

Yazışmalar göstərir ki, Epşteyn Belyakova Rusiya layihələrinə investisiya cəlbi ilə bağlı məsləhətlər verib, hətta ABŞ-da Rusiya vətəndaşları ilə yaranan münaqişəli vəziyyətlərdə ondan kömək istəyib.

Rusiyaya səfərlər

Uçuş jurnalları Epşteynin Gisleyn Maksvell ilə birlikdə ən azı 2002-ci ildə Rusiyaya səfər etdiyini təsdiqləyir. Həmçinin o, 2018–2019-cu illərdə – yetkinlik yaşına çatmayanların alveri ilə bağlı federal ittihamlarla həbsindən az əvvəl – Rusiya vizası almaq və ya onu uzatmaq üçün sənədlər təqdim edib.

Sənədlərdə Epşteynin nüvə tədqiqatları ilə əlaqəli, qapalı Rusiya şəhəri olan Sarovda çəkilmiş fotosu da xatırladılır ki, bu da onun Rusiya mühiti ilə əlaqələrinə marağı daha da artırıb.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr