AZ

Bu gün "Xıdır Nəbi" bayramı qeyd olunur

Bu gün xalqımızın və bütün türk xalqlarının inanclarını özündə əks etdirən Xıdır Nəbi bayramıdır.

Missiya.Az xatırladır ki, “Xıdır Nəbi” bayramı xalqın qədim adət‑ənənələrinə əsaslanan, yazın gəlişini müjdələyən mövsüm mərasimidir. Bayram adətən fevralın 9‑u və 10‑u, bəzi yerlərdə isə fevralın 14‑ü və 15‑i — Xızır İlyasın doğulduğu gün qeyd olunur. Bu dövr həmçinin fevralın 1‑dən 20‑yə kimi davam edən kiçik çillə dövrünə təsadüf edir.

İnanca görə, Xıdır Nəbi dar günlərdə insanlara yardım edən, evlərə ruzi-bərəkət gətirən müqəddəs bir obrazdır. Xalq arasında onun gecə vaxtı evləri gəzərək səliqəli və niyyətli ailələrə xeyir-dua verdiyinə inanılır. Bu səbəbdən bayram ərəfəsində evlər təmizlənir, süfrələr açılır, xüsusi mərasim yeməkləri hazırlanır.

Xıdır Nəbi bayramının ən maraqlı adətlərindən biri “Xıdır payı”dır. Ev sahibləri un, qovurğa, buğda, çərəz və şirniyyatları bir yerə yığaraq süfrə düzəldir. Gecə həmin payın üstü örtülür və səhər açıldıqda inanılır ki, Xıdır Nəbi paydan dadıbsa, evə bolluq və bərəkət gələcək. Bir çox bölgələrdə gənc qızlar Xıdır Nəbi gecəsində niyyət tuturlar. Suya üzük atmaq, duzlu kökə yemək və yuxuda qisməti görmək kimi inanclar bu bayramla bağlı maraqlı folklor nümunələrindəndir. Xüsusilə subay qızlar üçün Xıdır Nəbi gecəsi ümid və gözlənti gecəsi sayılır.

Bu bayram təkcə inanclarla deyil, həm də təbiət hadisələri ilə əlaqələndirilir. Xalq arasında bu bayramdan sonra havaların yumşalacağına, torpağın oyanacağına inanılır. “Xıdır gəldi, qış getdi” deyimi də məhz bu düşüncədən yaranıb. Həmçinin bayram İslamdan öncəki inanclarla sonrakı dini baxışların sintezini özündə birləşdirir. Xıdır Nəbi obrazı zamanla müxtəlif mədəni qatlarla zənginləşərək xalqın yaddaşında qorunub saxlanılıb. Bu gün də Xıdır Nəbi bayramı insanların niyyət etdiyi, bir-birinə xeyir-dua verdiyi, ümidlərini təzələdiyi mənəvi dəyər kimi yaşadılır.

Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində, eləcə də, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.

Bayramınız mübarək!

İlahə Qənbərli

Missiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr