
Amerikalı milyarder İlon Mask, maliyyəçi Ceffri Epşteynin cinayət işi üzrə məhkəmədə həqiqəti söyləməyə razı olan hər kəsin vəkil xərclərini ödəməyə söz verib.
AFN.az xəbər verir ki, Mask bu barədə özünə məxsus olan "X" (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edib.
Milyarder başqa bir istifadəçinin postuna cavab olaraq yazıb: "Bu barədə həqiqəti söyləyən və buna görə məhkəməyə verilən hər kəsin müdafiə xərclərini mən ödəyəcəyəm". O, həmçinin Epşteynin müştəri siyahısının niyə daha əvvəl ABŞ Konqresinə təqdim edilməməsi və ictimaiyyətə açıqlanmaması ilə bağlı sual ünvanlayıb.
Ceffri Epşteyn 2019-cu ilin iyulunda azyaşlıların cinsi istismarı və insan alveri ittihamları ilə həbs edilmişdi. Prokurorluğun məlumatına görə, o, 2002-2005-ci illər ərzində Manhettendəki malikanəsinə onlarla azyaşlı qızın gətirilməsini təşkil edib. Epşteynin ətrafında dünyanın bir çox ölkələrindən yüksək rütbəli məmurlar, dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Maliyyəçi 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etdikdən sonra ona qarşı cinayət təqibi dayandırılsa da, işin təfərrüatları və onunla əlaqədə olan şəxslərin siyahısı hələ də dünya gündəminin ən qalmaqallı mövzularından biri olaraq qalır.
Qeyd edək ki, 2026-cı ilin əvvəlində ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı milyonlarla səhifədən ibarət yeni sənədlər toplusunu, o cümlədən videoları və fotoşəkilləri ictimaiyyətə açıqlayıb. Bu sənədlərdə bir çox tanınmış simaların, eləcə də Maskın özünün adının qeyd olunmasına baxmayaraq, istintaq hələlik onun hər hansı cinayət törətdiyinə dair sübut aşkar etməyib. Mask isə öz növbəsində bu sənədlərin tam və redaktə olunmamış versiyasının dərcini tələb edir.