AZ

Favoritlərdən asan qələbələr - İCMAL

Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, bu həftə bu mərhələnin iki qarşılaşması keçirilib. Hər iki oyunda favoritlərin asan qələbəsi qeydə alınıb.

Əvvəlki mərhələlərdə “Hoffenhaym” və Münhenqladbax “Borussiya”sı kimi rəqibləri mübarizədən kənarlaşdırmaqla diqqəti çəkən “Sankt Pauli” Leverkuzenə də iddalı gəlmişdi. Hamburq klubu tarixində cəmi ikinci dəfə ölkə kubokunun yarımfinalına yüksələ bilərdi. Ancaq ardıcıl 3 məğlubiyyətdən sonra özünə gələn və yüksəlişə keçən “Bayer-04” rəqibinə heç bir şans vermədi. Fasiləyə minimal üstünlüklə yollanan Leverkuzen təmsilçisi 2-ci hissədə hesabı darmadağın həddinə çatdırdı.

Bütün turnirləri nəzərə almaqla Kasper Yulmannın komandası ardıcıl 4-cü qələbəsini qazandı. “Aspirinlər”in ölkə kubokunda ardıcıl 3-cü mövsümdə yarımfinala yüksəldiyini xüsusi qeyd etməyə dəyər. 2023/24-də Xabi Alonsonun əsrarəngiz komandası bu turnirin qalibi olmuşdusa, ötən mövsüm leverkuzenlilər yarımfinalda 3-cü bundesliqa təmsilçisi “Arminiya”ya boyun əymişdilər.

Çərşənbə günü “Ştutqart” “Holştayn”ın qonağı oldu. Kil şəhərini təmsil edən 2-ci bundesliqa klubu əvvəlki mərhələlərdə “Volfsburq” və “Hamburq” kimi elita təmsilçilərini mübarizədən kənarlaşdırmışdı. Amma aşağı liqada orta pillələrdə qərarlaşan “Holştayn”ın daha bir qəhrəmanlığa gücü çatmadı. Meydan sahibləri turnirin son qalibinə yalnız bir hissə müqavimət göstərə bildi. Fasilədən bir müddət sonra fərqlənən Dəniz Undav həm qələbənin əsasını qoydu, həm də bu mövsüm kubokda ikinci qolunu vurdu. Oyunun sonlarına yaxın daha iki dəfə fərqlənən şvabiyalılar da “Bayer-04” kimi rəqibi darmadağın etdilər.

Sebastyan Hönessin komandası bütün turnirlərdə qələbə seriyasını 4-ə yüksəldərək ardıcıl 2-ci dəfə yarımfinala vəsiqə qazandı. Qeyd edək ki, yarımfinalın digər iştirakçıları növbəti həftə bəlli olacaq.

1/4 final
Bayer-04 – Sankt Pauli 3:0

Terrye, 32. Şik, 63. Hofmann, 90+2.
Bayer-04: Blasvix, Vaskes (Artur, 58), Kuansa, Andrix, Tapsoba, Qrimaldo, A.Qarsiya (Bade, 89), Palasios (Fernandes, 58), Tillman, Terrye (Hofmann, 65), Şik (Kofane, 89).

Holştayn (D-2) – Ştutqart 0:3
Dəniz Undav, 56. Fürix, 89. A.Karazor, 90+2.
Ştutqart: Nübel, Vaqnoman, Şabo, Hendriks, Mittelştadt, A.Karazor, Ştiller (Andres, 90+1), Levelinq (Demiroviç, 81), Əl-Xannus (Buanani, 90+1), Fürix (Yeltş, 90+1), Dəniz Undav.

Bu mərhələnin “Herta” (D-2) – “Frayburq” oyunu sabah, “Bavariya” – “Leyptsiq” oyunu fevralın 11-də keçiriləcək.

Seçilən
68
football-plus.az

1Mənbələr