AZ

"Bloomberg": Keyr Starmer bir həftə ərzində istefa verə bilər

"Bloomberg": Keyr Starmer bir həftə ərzində istefa verə bilər

Böyük Britaniyanın Baş naziri Keyr Starmer yaxın bir həftə ərzində vəzifəsindən istefa vermək məcburiyyətində qala bilər.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Siyasi böhranın mərkəzində Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə Piter Mandelsonun təyin edilməsi dayanır. Mandelsonun adı pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteyn ilə yaxın dostluq münasibətlərində hallanır. Bu qalmaqal artıq fevralın 8-də Baş nazirin aparat rəhbəri Morqan Maksuininin istefasına səbəb olub.

Mənbələrin bildirdiyinə görə, Leyboristlər Partiyasından olan bir çox deputat Mandelsonun təyinatını şəxsən Starmerin sanksiyalaşdırdığını nəzərə alaraq, onun hələ də postunda qalmasına təəccüb edirlər. Dauninq-strit 10-un (Baş nazirin iqamətgahı) bəzi əməkdaşları hökumət üzvlərini Starmeri istefaya razı salmağa və ya kütləvi istefalarla onu küncə sıxışdırmağa çağırırlar. Bir nazir müşavirinin sözlərinə görə, Starmerin növbəti həftəni baş nazir kürsüsündə tamamlaması ehtimalı "50-nin 50-yə"dir.

Keyr Starmer hakimiyyətini qorumaq üçün kabinetdə ciddi dəyişikliklərə hazırlaşır. Ehtimallara görə, o, keçən il vergi qalmaqalı ilə vəzifəsindən gedən sabiq müavini Ancela Reyneri geri qaytarmağı və enerji təhlükəsizliyi naziri Ed Milibendə daha nüfuzlu bir nazirlik təklif etməyi planlaşdırır. Maraqlıdır ki, həm Reyner, həm də Milibend Starmerin istefası halında əsas namizədlər hesab olunurlar.

Digər iddialı namizədlər arasında səhiyyə naziri Uez Stritinq, daxili işlər naziri Şabana Mahmud, xarici işlər naziri İvett Kuper və müdafiə naziri Con Hili də var.

Qeyd edək ki, Starmerin istefası ölkədə avtomatik olaraq növbədənkənar seçkilərin keçirilməsi demək deyil. Leyboristlər partiya daxilində yeni lider seçərək hökumətə rəhbərliyi ona həvalə edə bilərlər. Bu praktika 2022-ci ildə mühafizəkarlar tərəfindən tətbiq olunmuş, Boris Conson və Liz Trass bir il ərzində bu yolla əvəzlənmişdi.

Seçilən
55
afn.az

1Mənbələr