AZ

Ürək və qan-damar sistemi üçün təhlükəli olan məhsullar açıqlanıb

“Üç qida qrupu qanda pis xolesterinin səviyyəsini artırır və bu da həyat üçün təhlükəli olan aterosklerozun inkişafına səbəb ola bilər”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Piroqov Universitetinin Ana və Uşaq Sağlamlığı İnstitutunun 2 saylı Uşaq Xəstəxanası şöbəsinin dosenti Olqa Tarasova verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, birinci və ən təhlükəli qrup süni şəkildə dəyişdirilmiş və bərk hala salınmış bitki yağları — trans yağlardır.

“Bu yağlar təkcə LDL (aşağı sıxlıqlı lipoprotein) səviyyəsini artırmır, eyni zamanda HDL-ni (yüksək sıxlıqlı lipoprotein) azaldır və qan damarlarına zərər verən sistemli iltihablanmaya səbəb olur. Bu qrupa marqarinlər, sürtülə bilən yağ məhsulları, ucuz un məmulatları (peçenye, kruassan), kartof qızartması, çipslər, dərin yağda qızardılmış yeməklər, bəzi popkorn növləri və şirniyyatlar daxildir”, — deyə həkim qeyd edib.

Həkim bildirib ki, ikinci qrup doymuş yağlardan ibarətdir. Bu yağlar normadan artıq qəbul edildikdə təhlükəli sayılır, çünki qaraciyəri daha çox xolesterin istehsal etməyə təşviq edir.

“Bu qrupa yağlı qırmızı ətlər (donuz, quzu, mal əti), donuz piyi, kərə yağı, palma və kokos yağları, həmçinin tam yağlı süd məhsulları (yağ tərkibi 30 faizdən yuxarı olan pendirlər, qaymaq və xama) daxildir. Onları tamamilə rasiondan çıxarmaq lazım deyil, çünki hormonların sintezində iştirak edirlər. Lakin gündəlik kalori qəbulunun 7–10 faizindən artıq olmamalıdır”.

Onun sözlərinə görə, üçüncü qrup isə asan həzm olunan karbohidratlar və əlavə şəkərlə zəngin məhsullardan ibarətdir: “Bu məhsullar birbaşa xolesterin ehtiva etmir. Lakin həddindən artıq istehlak edildikdə insulinin səviyyəsinin kəskin yüksəlməsinə səbəb olur. İnsulin isə qaraciyərdə xolesterin sintezində əsas rol oynayan HMG-CoA reduktaza fermentini aktivləşdirir. Eyni zamanda qaraciyər artıq qlükozanı triqliseridlərə çevirir. Bu qrupa şəkər, şəkərli qazlı içkilər, qablaşdırılmış meyvə şirələri, ağ undan hazırlanmış məmulatlar, ağ düyü və şirniyyatlar daxildir”.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
84
editor.az

1Mənbələr