Dövlət Gömrük Komitəsi (DGK) xarici saytlardan alış-veriş edən və "Smart Customs" platformasından istifadə edən vətəndaşlara xəbərdarlıq edib. 2026-cı il iyunun 1-dən etibarən "Smart Customs" mobil tətbiqi və "e.customs.gov.az" portalında şəxsiyyət vəsiqəsinin FİN nömrəsi və parolla "Elektron Ticarət Bəyannaməsi" xidmətinə daxil olmaq mümkün olmayacaq. Bu o deməkdir ki, bağlamalarını bəyan etmək istəyənlər mütləq şəkildə daha təhlükəsiz identifikasiya vasitələrindən istifadə etməli olacaqlar. İyunun 1-dən sonra sistem yalnız "Asan İmza", "SİMA" rəqəmsal imzası və ya "MYGOV / QR" vasitəsilə müraciətləri qəbul edəcək.
İqtisadçı Eyyub Kərimli Pravda.az-a açıqlamasında bildirib ki, “SİMA İmza”nın tətbiqi gömrük bəyannamələrinin daha şəffaf idarə olunmasına dəstək olacaq: “Digər tərəfdən vətəndaşların təhlükəsizliyinin təmin olunmasında müsbət təsirləri və rolu olacaq. “SİMA İmza” ilə bəyannamələrin qeydiyyatı digər tərəfdən sui-istifadə hallarının qarşısını alacaq. Bəzi hallarda Pin kodla insanların xəbəri olmadan, başqasının adına əlavə məhsullar sifariş olunurdu. Bəzi isanlar bir neçə nəfərin şəxsiyyət vəsiqəsini yığaraq hansısa məhsullar sifariş verirdi. Bu da vətəndaşların hüquqlarının pozulması ilə nəticələnirdi. Yeni qərar sui-istifadə hallarının qarşısını almağa kömək edəcək”.
Şəhanə Quliyeva