AZ

İqlim dəyişiklikləri kenquruların növ müxtəlifliyinin artmasına şərait yaradıb

Elmi araşdırma göstərir ki, Avstraliyada iqlimin qurulaşması bu kisəli heyvanların təkamülündə həlledici rol oynayıb...

Poliqon xəbər verir ki, kenqurular və vallabilər hazırda Avstraliya və Yeni Qvineyada dominant kisəli ot yeyənlər hesab olunur və geniş növ müxtəlifliyi, həmçinin quraq və yarıqarıqlı bölgələrə yüksək uyğunlaşma qabiliyyəti ilə seçilirlər. Halbuki onların əcdadları vaxtilə əsasən meşələrdə yaşayan, kiçik ölçülü, ağac və ya yerüstü həyat tərzinə malik heyvanlar olub və əvvəlcədən arid şəraitə uyğunlaşmayıblar.

Uzun müddət bu heyvanların təkamülünün nə vaxt və hansı səbəblərlə baş verdiyi, eləcə də digər kisəli ot yeyən qrupları, o cümlədən vombatabənzərləri necə sıxışdırıb kənara çıxardıqları aydın deyildi. “Naked Science”in məlumatına görə, bu suala aydınlıq gətirmək üçün alimlər genişmiqyaslı molekulyar-filogenetik tədqiqat aparıblar.

Araşdırma çərçivəsində tədqiqatçılar kenqurukimilərin (Macropodiformes) bütün müasir cinslərini təmsil edən nümunələrdə tam mitoxondrial genomları və 11 nüvə genini sekvensiya ediblər. Əldə olunan məlumatlar əsasında dəqiqləşdirilmiş təkamül ağacı qurulub, fosil tapıntıları ilə kalibrlənmiş “molekulyar saat” metodları vasitəsilə əsas mərhələlərin vaxtı müəyyənləşdirilib. Bu tarixləmələr paleoiqlim rekonstruksiyaları və digər kisəli ot yeyənlərin müxtəlifliyi ilə bağlı paleontoloji məlumatlarla birbaşa müqayisə olunub.

Elmi işin nəticələrinə görə, ilk olaraq Yeni Qvineyanın meşə vallabiləri ayrılıb ki, bu da onların daha arxaik xüsusiyyətlərini təsdiqləyir. Daha sonra təkamül xətti iki əsas istiqamətə bölünüb: biri meşə və qayalı mühitlə bağlı qalıb, digəri isə sonradan açıq əraziləri məskunlaşdırıb.

Bu ayrılmanın tarixlənməsi göstərib ki, müasir kenquru xətlərinin formalaşması əvvəllər düşünüldüyü kimi orta miosendə deyil, təxminən beş milyon il sonra, gec miosendə, təxminən 8,5 milyon il əvvəl başlayıb. Məhz bu dövrdə Avstraliyada quraqlıq kəskin şəkildə artıb, açıq landşaftlar geniş yayılıb. Bir çox ot yeyən növlər azalaraq ekoloji boşluqlar yaradıb. Quraqlığa ilkin olaraq ixtisaslaşmamış kenquru əcdadları isə bu dəyişən şəraitdə üstünlük qazanaraq sürətlə yayılmağa başlayıblar.

Təxminən 4,5 milyon il əvvəl, artıq erkən pliosen dövründə növ əmələgəlməsinin daha güclü ikinci dalğası baş verib. Bu mərhələ qitədə ilk çəmənlik ekosistemlərinin yayılması ilə üst-üstə düşüb. Elə həmin dövrdə müasir iri kenqurular da daxil olmaqla çoxsaylı cinslər formalaşıb və otla qidalanmaya uyğunlaşmalar yaranıb.

Alimlərin qənaətinə görə, mühitdə baş verən dəyişikliklər digər ot yeyən kisəlilərlə, xüsusən vombatabənzərlərlə rəqabətdə tarazlığı kenquruların xeyrinə dəyişib. Nəticədə bu proseslər kenquruların müasir Avstraliya ekosistemlərində üstün mövqeyə yüksəlməsinə gətirib çıxarıb.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr