AZ

"Bloomberg": Britaniya baş naziri Starmer yaxın bir həftə ərzində istefa verə bilər

BAKI, 9 fevral. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa verməyə məcbur qala bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi hakim Leyborist Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu ehtimallar ABŞ-yə səfir təyin edilmiş, mərhum amerikalı maliyyəçi Cefri Epşteyn ilə yaxınlığı ilə gündəmə gəlmiş Piter Mandelson ətrafında yaranan qalmaqalla bağlıdır. Qalmaqal artıq baş nazirin aparat rəhbəri Morqan Maksvininin bazar günü istefası ilə nəticələnib.

"Bloomberg" yazır ki, hakim Leyborist Partiyasından olan bir sıra deputatlar məhz Starmerin Mandelsonun səfir təyinatına razılıq verməsinə baxmayaraq hələ də postunu qorumasına təəccübləniblər. Agentliyin məlumatına görə, Dauninq-strit 10 ünvanındakı bəzi əməkdaşlar qeyri-rəsmi şəkildə nazirləri baş naziri istefaya razı salmağa çağırır, əks halda özlərinin hökumətdən getməsi ilə onun gedişini sürətləndirməyi müzakirə edirlər. Nazirlərdən birinin müşavirinin sözlərinə görə, Starmerin qarşıdakı bir həftəni postunda qalaraq başa vurmaq ehtimalı “50-yə 50”dir.

Qeyd olunur ki, Starmer vəzifəsini qorumaq üçün keçmiş müavini Anjela Reyneri yenidən hökumətə qaytarmağı təklif edə, həmçinin hazırda enerji təhlükəsizliyi və karbon neytrallığı naziri olan Ed Milibəndidaha nüfuzlu posta təyin etməklə onun ambisiyalarını təmin etməyə çalışa bilər. Daha əvvəl həm Reyner, həm də Milibənd Starmerin mümkün istefası halında baş nazir postuna namizədlər arasında göstərilirdi.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatında saxlanılmışdı. İstintaq orqanları onun 2002–2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızı gətirdiyini, ən kiçiyinin 14 yaşında olduğunu bildirmişdi. Epşteynin tanışları arasında təkcə ABŞ-dan deyil, digər ölkələrdən də yüksək vəzifəli şəxslər, iri iş adamları və şou-biznes ulduzları olub. ABŞ-da cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxanada intihar etməsindən sonra dayandırılmışdı.

Seçilən
60
teleqraf.com

1Mənbələr