AZ

Tanışını öldürməyə cəhddə ittiham olunan şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Nağı Quliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Nağı Quliyevə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Ittihama görə, hadisə 02 iyun 2024-cü il tarixdə, saat təxminən 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı tanışı Əlisakit Məmmədova bir neçə bıçaq zərbəsi vurub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunaraq yeni ittiham hökmü çıxarılıb. Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu.

Kamal Məmmədov 

Tarix: 9 Fevral 2026, 00:35   
Seçilən
46
pravda.az

1Mənbələr