Elmi tədqiqatlar ev pişiklərinin sözləri obrazlarla əlaqələndirə bildiyini ortaya qoyur...
Poliqon xəbər verir ki, aparılan yeni elmi araşdırma pişiklərin ünsiyyət qabiliyyəti ilə bağlı geniş yayılmış stereotipləri təkzib edib. Tədqiqatın nəticələrinə görə, ev pişikləri insan sözlərini vizual obrazlarla əlaqələndirə bilir və bunu hətta azyaşlı uşaqlardan daha sürətli həyata keçirirlər. Yanlış söz səsləndikdə heyvanların çaşqınlıq reaksiyası göstərməsi onların insan dilini əvvəl güman ediləndən xeyli daha yaxşı anladığını göstərir.
Euronews telakanalının məlumatına görə, araşdırma pişiklərin sahiblərinin səsini və emosiyalarını da dəqiq qavradığını sübut edib. Portsmut Universitetindən Culiana Kaminskinin sözlərinə görə, pişiklər insan ünsiyyətinə itlərə bənzər şəkildə reaksiya verirlər və emosional ton fərqlərini ayırd edə bilirlər.
Mütəxəssislər bildirir ki, pişiklər insan kimi qrammatikanı və abstrakt məna anlayışlarını dərk etmirlər. Məsələn, “mükafat” kimi sözləri anlayış kimi yox, nəticə ilə əlaqələndirirlər. Yəni səs müəyyən nəticəyə – yemək, diqqət və ya oyuna gətirib çıxarır. Bununla belə, pişiklər öz adlarını digər sözlərdən ayırd edə bilir, hətta bu sözlər yad insanlar tərəfindən səsləndirildikdə belə. Bu fakt onların təsadüfi səsləri deyil, konkret nitq vahidlərini tanıya bildiyini göstərir.
Araşdırma zamanı müəyyən olunub ki, pişiklər sahibinin onlara xas tonla danışdığı hallarda davranışlarını dəyişir, daha çox diqqət və reaksiya göstərirlər. Eyni ton yad bir şəxs tərəfindən istifadə edildikdə isə bu təsir müşahidə olunmur. Bu da pişiklərin səs tonu ilə yanaşı, konteksti, yəni nitqin məhz onlara ünvanlandığını qavradığını sübut edir.
Tədqiqatda itlərlə bağlı nəticələrə də yer verilib. Göz hərəkətlərinin izlənməsi üsulu ilə aparılan müşahidələr göstərib ki, itlər insan üzlərinə baxarkən xüsusilə göz nahiyəsinə diqqət yetirir və emosional siqnalları bu yolla analiz edirlər. fMRT müayinələri isə itlərin beynində sözün mənası ilə səs tonu və emosiyaların fərqli sahələrdə emal edildiyini ortaya çıxarıb. Beynin sol hissəsi tanış sözlərə, sağ hissəsi isə intonasiya və emosional tona daha güclü reaksiya verir.
Alimlər bildirir ki, yalnız az sayda it əşyaların konkret adlara malik olduğunu öyrənə bilir və bu, anadangəlmə xüsusiyyət kimi qiymətləndirilir. Maks Plank İnsan Tarixi İnstitutunun “İt tədqiqatları” şöbəsinin rəhbəri, geoantropoloq Yuliana Brauerin sözlərinə görə, bu qabiliyyət maraq, diqqətin cəmlənməsi və impulsların nəzarətdə saxlanılması ilə sıx bağlıdır. O qeyd edib ki, əksər itlər sevimli obyektlərini görməməzlikdən gələ bilmədiyi üçün öyrənmə prosesi çətinləşir.
Mütəxəssislər vurğulayırlar ki, itlər sözləri konkret kontekstlə əlaqələndirə bilsələr də, mürəkkəb cümlələrin məzmununu dərk etmələri hələ də mübahisəli məsələ olaraq qalır.
Poliqon.info